Elnur Seyidovun həbsi məsələsi prezidentlə müzakirə olunaraq, həyata keçirilib

Həbsdə olan general Mövlam Şıxəliyev 2012-ci ildə MTN-in Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qayını Elnur Seyidovu həbs etməsindən də danışıb. Elnur Seyidov “Texnikabank”ın Yasamal filialının müdir müavini vəzifəsində işləyirdi. O, 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Mövlam Şıxəliyevin sözlərinə görə, Qərbdən müxalifətə bu bank vasitəsilə pul göndərildiyinə görə, Elnur Seyidovun həbsi məsələsi prezidentlə müzakirə olunaraq, həyata keçirilib.
“Burada əsasən “Texnikabank” işi üzrə epizodlardır. Bu iş üzrə Əli Kərimlinin qaynı Elnur Seyidov da həbs olunmuşdu. Əməliyyat xidməti “Texnikabank”ın cinayətkar fəaliyyəti ilə bağlı işlədi. Müəyyən müddətdən sonra sənədlər toplandı, Elnur Seyidov və sizə də məlum olan insanları saxladılar. Elnur Seyidovun əməlləri ilə bağlı istintaqa sənədlər təqdim olunub ki, Amerikadan üzə bəri Azərbaycan müxalifətinə pul axıntısı birbaşa “Texnikabank”ın Yasamal filialı üzərindən çatdırılırdı. Prokurorluqdan da xahiş edirəm ki, bu məsələni rəhbərliyin diqqətinə çatdırsın. Prezidentin rəhbərliyi altında bu məsələ araşdırılıb və materiallar verilib istintaqa. Həmin iş üzrə qrup rəhbəri Vüsal Ələkbərov olub”, – Mövlam Şıxəliyev bildirib.