DTX-dan əməliyyat: Xarici casus həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkə vətəndaşı Bahram Hasanzadanın həbs edilməsi ilə bağlı məlumat yayıb.
 
Bu gün, oktyabrın 18-də yayılan məlumatda iddia edilir ki, o, sərhədi qanunsuz keçərkən saxlanıb. Ancaq onun hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.
 
B.Hasanzada Cinayət Məcəlləsinin 276 (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə günahlandırılıb və haqqında həbs-qətimkan tədbiri seçilib.
 
DTX-nin açıqlamasına görə, B.Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika, silah-sursat və xarici ölkələrlə hərbi sahədə əlaqələr haqqında məlumatlar toplayıb.
 
"Eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı kəşfiyyat məlumatları toplayıb. Bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı ilə əməkdaşlığa cəlb olunmasına çalışıb", - məlumatda yazılır.
 
Bu rəsmi açıqlamaya, hələlik, B.Hasanzada və onun vəkilindən hər hansı münasibət almaq mümkün olmayıb. Onun iddiaları qəbul edib-etmədiyi açıqlanmır.