Abbas Hüseynova dəhşətli işgəncələr verildiyi deyilir

Qobustan həbsxanasında saxlanılan Nardaran məhbusu Abbas Hüseynov işgəncələrə məruz qalıb. Bu barədə Rakurs TV-ə onun yaxınları məlumat verib.

Yaxınlarının verdiyi məlumata görə, aprelin 30-u ailəsi ilə əlaqə saxlayan Abbas Hüseynov işgəncələrə məruz qaldığını deyib. O, bildirib ki, aprelin 26-ı telefonla danışdıqdan sonra həbsxananın rəis müavini və digər 4 işçi tərəfindən döyülüb. Həbsxanada hətta onu boğmağa çalışıblar. Abbas deyib ki, bundan sonra ona 5 gün "kars" cəzası versələr də, 3 gündən sonra "kars"dan çıxardıblar. Yaxınlarının sözlərinə görə Abbas hazırda vəziyyətinin ağır olduğunu, bədənində çoxlu yara və işgəncə izlərinin qaldığını söyləyib. 

Abbas döyülmə səbəbini deməsə də, yaxınları onun son zamanlar mətbuatda dərc olunan yazılarına görə işgəncələr məruz qala biləcəyini deyirlər. 

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseynov DİN və Baş Prokurorluğun 26 noyabr 2015-ci ildə Nardaranda keçirdiyi əməliyyat zamanı saxlanılıb. Şərti olaraq "Nardaran işi 1" adlanan məhkəmə işi üzrə 20 il həbs cəzası alıb. Bu, Abbas Hüseynovun həbsxanada işgəncələrə məruz qalması ilə bağlı ilk iddia deyil. Bundan əvvəl bir neçə dəfə də onun həbsxanada döyülməsi, işgəncələrə məruz qalması xəbəri yayılıb.