Cərcis Peyğəmbər (ə) ziyarətgahı- VİDEO

Beyləqanda yerləşən ziyarətgah Azərbaycanın dini, tarixi abidəsi olmaqla bərabər, insanların qəlbində xüsusi yer qazanana məkanlardandır. O, Beyləqan rayonunda, mərkəzdən 3-4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşir. Ziyarətgahın XVII-XVIII əsrlərdə tikildiyi bildirilir. Ziyarətgah İsa Peyğəmbərdən (ə) sonra, təxminən III-IV əsrlərdə yaşamış və 77 il ömür sürmüş, əslən Fələstindən olan Cərcis adlı peyğəmbərin adı ilə bağlıdır. Həzrət Cərcis (ə) Fələstində yaşayıb, sonralar Mosula köçür. Onun burada mübarizə dolu bir ömür yaşayıb qocalaraq dünyadan köçməsi deyilir. Bu gün İraqın Mosul şəhərində Həzrət Cərcis Peyğəmbərin (ə) böyük məqbərəsi də var. Bununla yanaşı Cərcis Peyğəmbərin Beyləqana necə gəlib çıxması barədə tarixi mənbələrdə ətraflı məlumatlar var. Rəvayət olunur ki, Peyğəmbər Suriyadan təkallahlığı təbliğ edə-edə gəlib Mil torpağına çıxır. O, Beyləqanda 15-20 ilə yaxın ömür sürür. İndiki Beyləqan şəhəri zəmanəsinin böyük və ticarət baxımından əlverişli şəhərlərindən biri olub. O zamanlar bu ərazidə yaşayan əhali atəşpərəstliyə sitayiş edirmiş. Peyğəmbər (ə) insanları tək olan Allaha itaət etməyə çağırdığı üçün buradakı atəşpərəst kahinlərin qəzəbinə tuş gəlir. Onu təqib edirlər. Qovula-qovula indiki ziyarətgah yerinə gəlib çıxır. Peyğəmbərə atılan oxlardan və zərbələrdən ona xətər dəymir, o, bir quyuya düşür. Atəşpərəstlər onun üstünü torpaqlayırlar. Beləcə, bu ziyarətgahın yerində müqəddəs bir təpə yaranır...
Müxtəlif dövrlərdə ziyarətgahın üzərində fərqli formalarda günbəzlər tikilib. Baxımsızlıq, müharibə və zəlzələlər zamanı o günbəzlər dağılıb. 1899-1905-ci illərdə Aşıqlı kəndinin inanclıları tərəfindən təmir tikinti işləri aparılaraq növbəti dəfə məscid, ziyarətgahın binası bərpa edilir. Lakin sovetlər dönəmində baxımsızlıq ziyarətgaha yetərincə qayğılar gətirir. Bununla yanaşı bu, yerli camaatın və ətrafda inancına sədaqət göstərənlərin gizlin də olsa ziyarətgaha gəlişinin qarşısını almır. 80-ci illərdə inanca qarşı müəyyən yumuşalmalar bura olan gəlişi daha da artırır. İyanələr hesabına ziyarətgahda müəyyən təmir işləri görülürsə də, köklü dəyişiklik isə müstəqillik illərinə gəlib çıxır. Ziyarətgahın ərazisində yerli sakinlər tərəfindən 2008-ci illərdə məscid inşa olunmağa başlayır. İki il sürən tikinti 2010-cu ildə yekunlaşır. Şərq memarlığına uyğunlaşdırılan məscid iki minarəlidir. Buranın daxili interyeri dekorativ naxışlarla bəzədilib. İnsanların məscidə rahat gediş-gəlişini təmin etmək üçün oraya asfalt yol da çəkilib. Məsciddə eyni vaxtda 100 nəfər ibadət edə biləcək qədər genişdir.