04 October 2025

Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb

Oktyabrın 3-də Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində möminlərin iştirakı ilə cümə namazı qılınıb.

Cümə namazına Hacı Rüfət Məmmədov imamət edib. O, birinci xütbəsində İslam tarixində mühüm mövqeyi olan Həzrəti Məsumə (s.ə) haqqında danışıb. İlahiyyatçı çıxışında Həzrəti Məsumənin (s.ə.) mənəvi məqamı, elm və ibadətə bağlılığı, İslamın yayılmasında oynadığı rol barədə geniş məlumat verib.

Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb

II MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.

Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası yarımfinalda Özbəkistana 37:45 hesablı ilə uduzub.

Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.

Tbilisidə seçkiləri boykot etmiş müxalifət partiyaları mitinq təşkil edib

Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirilir.

Mitinqi yerli seçkiləri boykot etmiş müxalifət partiyaları təşkil edib.

Mitinqə bəzi bölgələrdən də iştirakçılar qatılıb. Tbilisinin bir neçə hissəsindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb.

AİHM Azərbaycan hökumətinin bir qrup fəalla bağlı iş üzrə günahını etiraf etdiyini açıqlayıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı “İlhamiz Quliyev və digərləri” işi üzrə qərarını elan edib. Məhkəmə bəyan edib ki, Azərbaycan hökuməti vətəndaşların ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu etiraf edib və bunun müqabilində təzminat ödəməyə razılaşıb.

İtaliyada Qəzzaya yardım donanması ilə həmrəylik üçün ümumi tətil: On minlərlə insan küçələrə çıxdı

İsrail qüvvələri Qəzzaya humanitar yardım aparan 43 gəminin hamısını dayandırıb və göyərtəsində olan 450 fəalın əksəriyyətini həbs edib.

On minlərlə insan, Qəzzaya çatmamış İsrail ordusu tərəfindən dayandırılan yardım donanması ilə həmrəy olmaq üçün İtaliyanın hər yerində küçələrə axışıb. Əsasən İtaliyanın ən böyük həmkarlar ittifaqı CGIL tərəfindən təşkil edilən tətil ölkəni iflic vəziyyətinə salıb və limanları və yol hərəkətini pozub.

Yunanıstan liman işçiləri Sumud Flotilla üzərində tətil keçirib

Yunanıstandakı Pirey limanının işçiləri İsrailin Qlobal Sumud Flotillasına hücumunu pisləmək üçün 24 saatlıq tətil elan ediblər.

Pirey Liman Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı (ENEDEO) İsrailin blokadasını yarmaq və Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Flotillasına İsrailin hücumunu pisləyib.

Tramp: İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır

ABŞ prezidenti Donald Tramp HAMAS hərəkatının sülhə hazır olduğuna əmin olduğunu bildirib və İsraili Qəzza zolağının bombardman erməyi dərhal dayandırmağa çağırıb.

Tramp bu haqda öz “Truth” hesabında yazıb.

"HƏMAS-ın indicə yaydığı bəyanatı nəzərə alaraq, onlar davamlı sülhə hazırdırlar. İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək", - Tramp bildirib.

Rusiya Ukraynanın hərbi-sənaye obyektlərinə kütləvi zərbə endirdi

Rusiya Müdafiə Nazirliyi bu gün verdiyi bəyanatda ordunun Ukraynanın hərbi-sənaye müəssisələrinə, həmçinin qaz və enerji infrastrukturuna kütləvi zərbə endirdiyini açıqlayıb. Nazirlik silahların yüksək dəqiqlikli raketlər, uzaqmənzilli hava və dəniz vasitələri, həmçinin pilotsuz uçuş aparatları vasitəsilə istifadə edildiyini bildirib.

Bəyanatda “Bütün hədəflər uğurla vuruldu, zərbə nəticəsində nəzərdə tutulan məqsədlərə tam nail olundu” ifadəsi yer alıb.