Tural Vəliyevin anası dünyasını dəyişib

Siyasi məhbus Tural Vəliyevin anası Nigar Vəliyeva dünyasını dəyişib. Bu barədə Vəliyevlər ailəsi xəbər verib. Nigar xanım onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bir müddət öncə o xəstəliklə bağlı əməliyyat olunmuşdu. Lakin son mərhələdə olan xəstəlik növbəti, ikinci əməliyyatı zəruri etmişdi.
Nigar xanım ikinci əməliyyatdan üç gün sonra, oktyabrın 4-ü gecə yarısı dünyasını dəyişib.
Anasının dəfnində iştirakla bağlı Tural Vəliyev cəza çəkdiyi 17 saylı müəssisə rəhbərliyinə müraciət edib. Eyni halda vəkil Zibeydə Sadıqova da müraciət edəcəyini bildirib. Lakin rəsmi cavabların yubanacağı ehtimalı müraciətin şənbə və bazar günləri olması ilə əlaqələndirilir.
Xatırladaq ki, Vəliyev Tural Famil oğlu 2023-cü ilin aprelində saxlanılıb. Barəsində saxta narkotik ittihamı irəli sürülən inanclı 2024-cü il 5 fevral tarixində 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.