Bu gün İmam Musa Kazimin (ə) mövlududur

 Bu gün hicri qəməri tarixi ilə zilhiccə ayının 20-si yeddinci İmam Musa Kazim əleyhissalamın mövlududur.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İmam Musa-Kazim (ə) hicrətin 128-ci ilində Məkkə və Mədinə arasında yerləşən əl-Əbva bölgəsində düyaya gəlib. İmam həyatı boyu çox məşəqqətlər çəkib və Abbasi xəlifələri tərəfindən ciddi təhdid hesab edilərək uzun illər zindana atılıb.

İmam Musa Kazim(ə) bütün bu məşəqqətlərə baxmayaraq, səbirli olduğundan ona “Kazim”, yəni qəzəbini boğan və cilovlayan ləqəbi verilib.

Abbasi xəlifələrinin zülmündən əlavə İmam öz dövründə digər problemlərlə də qarşılaşıb. Məhz İmam Musa Kazimin dövründə şiə məzhəbindən İsmailiyyə, Əftəhiyyə, Navusiyyə kimi qollar ayrılıb və insanların əqidələrində çaşqınlıq yaratmağa başlayıb. İmam belə əqidələrə qarşı mübarizə aparır və insanların dini inanclarının sağlamlığını təmin edirdi.

Bu gün imamın məzarı İraqın Kazimeyn şəhərində yerləşir, onun pak qəbri yüz milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.

İŞİD təkfirçilərinin Bağdadda Kazimeyn şəhərinə gedən zəvvarlara qarşı bundan öncə dəfələrlə terror hücumları həyata keçirmələrinə baxmayaraq, bu, zəvvarların ziyarət əzminin qarşısını ala bilməyib.

Rəcəb ayının 25-i yeddinci imam həzrət Musa-Kazimin (ə) zalım Abbasi hakimiyyətinin muzdurları tərəfindən zəhərləndirilərək, şəhid edilən günüdür.