“Bravo” hipermarketinə silahlı hücum edənlərə hökm oxunub - bir nəfər ömürlük azadlıqdan məhrum edilib

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum - bir nəfərin ölümü, daha birinin isə yaralanmasıyla bağlı 10 ay davam edən məhkəmə iyulun 12-də yekunlaşıb.
Bu hadisəyə görə məhkəmə önünə çıxarılan 6 nəfərdən birinə - cinayəti törətməkdə ittiham olunan Dəyanət Qüdrətova ömürlük həbs cəzası verilib.
Cinayətin təşkilində ittiham olunan 3 nəfərdən Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov isə 18 il 6 ay azadlıqdan məhrum edilib.
Cinayəti törətməkdə ittiham edilən, saxlanılarkən öldürülən Ruhlan İsmayılovun atası Rövşən İsmayılov və daha bir qohumu Babək İsgəndərov da təqsirləndirilən şəxslər arasındadır.
Onlara qanunsuz silah əldə etməklə bağlı ittiham verilib. Hər ikisi həm istintaq, həm də məhkəmə dövründə azadlıqda idi. Lakin iyulun 12-də hökm oxunanda məhkəmə zalında həbs olunublar - Rövşən İsmayılova 4 il 11 ay 28 gün, Babək İsgəndərova isə 3 il 5 ay iş kəsilib.
Amma adları çəkilən şəxslərdən D.Qurbanov istisna olmaqla, digərləri özünü təqsirli bilmir, “Bravo”ya silahlı basqına aidiyyətləri olmadığını deyirlər.
İyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökmdən öncə təqsirləndirilən şəxslərdən A.Məmmədov son söz üçün məhkəmədən vaxt istəyib. Deyib ki, çıxışa hazır deyil. Ancaq hakim Azad Məcidov ona vaxt verməyib.
A.Məmmədov özünü təqsirli bilmir. Onun sözlərinə görə, cinayəti törətməkdə ittiham olunan və saxlanılarkən öldürülən Ruhlanla bir müddət birlikdə işləyiblər. Cinayətdən xəbərsiz olduğunu deyən A.Məmmədovun sözlərinə görə, hadisə günü Ruhlan ona zəng eləyib, zəhərləndiyini bildirib və gəlib onu aparmasını istəyib:
"Mən də gedib, onu evindən götürüb, aparıb dediyi yerdə düşürmüşəm. Mən hardan bilim ki, bu, belə bir cinayət törədib".
O vurğulayıb ki, hadisədən sonra iş yerindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, öncə cibinə narkotik atıb, bir neçə gün bu ittihamla idarədə saxlayıblar. Orada işgəncəyə məruz qaldığını deyən A.Məmmədovun sözlərinə görə, işgəncə nəticəsində bu cinayətlə bağlı etiraf ifadəsinə imza atmağa məcbur olub.
 
 
AzadlıqRadiosu