BMT: Suriyanın bərpası üçün yarım əsr lazımdır

BMT İnkişaf Proqramının (BMTİP) fevralın 20-də yaydığı hesabatına görə, Suriyada 14 illik münaqişədən sonra iqtisadi, sosial və inkişaf sahələrində irəliləyişin əldə olunması yarım əsr tələb edəcək.

Hesabatda xəbərdarlıq edilir ki, hazırkı artım tempi ilə Suriya iqtisadiyyatı 2080-ci ilə qədər münaqişədən əvvəlki ÜDM səviyyəsini bərpa edə bilməyəcək. Belə ki, son beş ildə orta illik iqtisadi artım 1.3 faiz olub və bu sürət davam edərsə, münaqişədən əvvəlki ÜDM səviyyəsinə qayıtmaq üçün 55 il tələb olunacaq.

BMTİP xatırladır ki, 2010-cu ildə Suriyanın ÜDM-i 62 milyard ABŞ dolları olub, lakin münaqişə nəticəsində bu göstərici yarıdan çox azalıb və ölkə bu illər ərzində təxminən 800 milyard dollar itirib.

"Təcili humanitar yardımdan əlavə, Suriyanın bərpası uzunmüddətli investisiya tələb edir", - BMTİP-nin administratoru Axim Ştayner bildirib.

Hesabata görə, Suriya daxilində 7.2 milyondan çox insan məcburi köçkün vəziyyətindədir, digər 6 milyon insan isə qaçqın kimi xaricdə yaşayır. Bu insanlar birlikdə ölkə əhalisinin yarısından çoxunu təşkil edir.

Sənəddə münaqişənin digər təsirləri arasında yoxsulluğun artması faktı da yer alır. BMTİP bildirir ki, münaqişədən əvvəl Suriyada yoxsulluq 33 faiz idisə, bu gün 90 faizə yüksəlib. Bu gün hər 10 suriyalıdan 9-u yoxsulluq səviyyəsində yaşayır və hər 4 nəfərdən biri işsizdir.

Xatırlatma

Suriyada müharibə 2011-ci ilin martında prezident Bəşər Əl-Əsəd əleyhinə etirazlar nəticəsində başlayıb. Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib.

BMTİP bildirib ki, müharibə dövründə təxminən 618 min nəfər həlak olub. Təxminən 113 min insan itkin düşüb və onların taleyi hələ də məlum deyil.