Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsi üçün İlham Əliyevə müraciət ediblər

Dünyada akademiklərin müdafiəsi ilə məşğul olan "Scholars at Risk" təşkilatı Azərbaycanda həbsdə olan sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edib. 

 "Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı və Norveç Tələbələri və Akademiklərinin Beynəlxalq Yardım Fondu (SAIH) da müraciətə qoşulub. 

Müraciətdə bildirilir ki, Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqda araşdırmalarına görə "dövlətə xəyanət" ittihamı ilə "haqsız yerə" həbs olunub. 

"Həbsdə olduğu müddətdə Səmədov iki dəfə intihara cəhd etməsinə səbəb olan təzyiqlərə məruz qalmaqda davam edir. Bu yaxınlarda o, 11 saylı Cəzaçəkmə Müəssisəsində təkadamlıq kamerada saxlanılıb. Görünən odur ki, səlahiyyətli orqanlar Səmədovun psixi sağlamlığına əlavə təzyiq göstərmək məqsədilə onu saxlanma şəraitinin son dərəcə pis olması ilə, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla tanınan Umbakı həbsxanasının yüksək təhlükəsizlik bölməsinə köçürülməsi barədə göstəriş veriblər. Həmin müəssisə Səmədovun yeganə ailə üzvü, özünün də sağlamlıq problemləri olan və asanlıqla səfər edə bilməyən nənəsinin yaşayış yerindən təxminən 60 mil uzaqlıqda yerləşir ki, bu da Səmədovun daha da təcrid olunmasına səbəb olur. Səmədovun son dərəcə həssas psixi vəziyyətini nəzərə alaraq, onun həyatı ilə bağlı ciddi narahatlıqlarımız var", - deyə qeyd olunub. 

Təşkilatlar B.Səmədovun akademik azadlıq və ifadə azadlığı hüquqlarından dinc şəkildə istifadə etməsinə görə həbs edildiyini iddia ediblər. 

"Bu azadlıqlar beynəlxalq insan hüquqları ilə açıq şəkildə qorunur və Azərbaycanın tərəfdar olduğu İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt da daxil olmaqla bir sıra beynəlxalq insan hüquqları sənədlərində təsbit edilib. Dövlət tərəfindən aydın və açıq ictimai sübutlar təqdim edilmədiyi bir şəraitdə, qeyri-zorakı ifadə xarakterli fəaliyyətə görə irəli sürülən istənilən ittiham əsassızdır. Elmi fəaliyyətlə əlaqədar saxlanmalar və cinayət təqibləri Azərbaycanda ifadə azadlığının, akademik azadlığın və ali təhsil məkanının qorunması ilə bağlı ciddi narahatlıqlar doğurur. Bundan əlavə, Azərbaycan və Ermənistan arasında son sülh danışıqları kontekstində, münaqişə ilə bağlı araşdırma aparan Səmədovun məhkum edilməsi Azərbaycanın sülhün təmin edilməsi istiqamətində göstərdiyi səylərlə uzlaşmır", - deyə əlavə olunub. 

Beynəlxalq təşkilatlar sonda İlham Əliyevi B.Səmədovu dərhal azad etməyə çağırıblar. 

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Dekabrın 1-də B.Səmədovun 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülməsinə qərar verilib.