Bakı Qarabağa qanunsuz səfər edən şəxsi niyə bağışladı?

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Mühafizəkarlar və İslahatlar Alyansının (ACRE) heyətinin üzvü Semistoklis Astenidisin adının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş şəxslərin siyahısına salınmamasının səbəbini açıqlayıb.

XİN-dən Axar.az-a verilən məlumata görə, işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş ACRE heyətinin üzvü Semistoklis Astenidis Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinə rəsmi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.

Məktubunda S.Astenidis ACRE-nin 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün rəsmi nümayəndə heyətinin tərkibində Ermənistana səfər etdiyini qeyd edərək, işğal olunmuş ərazilərimizə əvvəlcədən xəbərdar edilmədən aparıldığını etiraf edib.

Məktubda qeyd olunub: “Ermənistana səfərin tərkibi olaraq bizim yerli tərəfdaşlar nümayəndə heyəti üçün bir sıra turist proqramları hazırlamışdılar. Turizm xarakterli gəzintiyə çıxmamışdan əvvəl mən yerli tərəfdaşlarımızın bizi işğal olunmuş Dağlıq Qarabağa aparacaqları barədə tamamilə məlumatsız idim. Belə ki, yola düşəcəyimiz vaxtda məqsədyönlü şəkildə səfərin təfərrüatları qeyri-müəyyən idi və hətta etiraf edim ki, aldadıcı idi”.

S.Astenidis müraciətində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə tam şəkildə hörmət etdiyini, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, bu səfərin heç bir halda Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının tanınması mənasını daşımadığını qeyd edərək, peşəkar hüquqşünas kimi ölkəmizin işğal olunmuş əraziləri ilə əlaqədar hüquqi və siyasi həssaslıqları tamamilə anladığını ifadə edir.

O, bu əmələ görə dərin təəssüfünü ifadə edir və bu ilin iyun ayında Bakıya səfər etmək üçün icazə verilməsini xahiş edir.

S.Astenidisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısına salınmaması barədə qərar qəbul edilib.