Azərbaycanın qeyri-neft ixracını artıran sirli səbəb

Azərbaycan hökuməti böyük neft pulları əldə etməyə başladığı son 20 ildə qəbul elədiyi istənilən iqtisadi proqram və strategiyada təbii resurs asılılığından qurtarmağı özünün əsas hədəfi kimi müəyyən edib. Məsələn, 2012-ci ildə qüvvəyə minmiş “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”na görə, 2020-ci ilə qədər adambaşına qeyri-neft əmtəə ixracı 5 dəfə artaraq 1000 dollara çatdırılmalı idi. Amma zamanı çatanda məlum oldu ki, bu göstərici nəinki 5 dəfə, heç 50% belə artmayıb. 

Oxşar hədəflər iqtisadi inkişafla bağlı 2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində də əks olundu, amma nəticə dəyişmədi - 2012-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi 1,7 milyard dollardan bir qədər çox idisə, 2016-cı ildə 1,2 milyard dollara enmişdi. Yalnız sonrakı dörd ildə 2012-ci ilə qədərki səviyyəni bərpa etmək mümkün oldu. Amma nəticə bu idi ki, “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”nda əks olunan hədəflər iflasa uğramışdı.

2020-ci ildə qlobal pandemiya, ardınca isə Rusiya-Ukrayna müharibəsinin başlaması təchizat zəncirinin pozulmasına və dünya bazarlarında bütün məhsulların bahalanmasına gətirib çıxardı. 2023-cü ilə qədər bu təsirlər Azərbaycanın xeyrinə işlədi və neft ixracatının real həcmi yerində saydığı şəraitdə məhz qiymətlərin kəskin yüksəlişi sayəsində ölkənin qeyri-neft ixracının həcmi xeyli artdı. 

2023-cü ildə dünya bazarlarında “qiymət köpükləri” yatmağa başlayanda məlum oldu ki, Azərbaycanın qeyri-neft ixracının artırılması yenidən problemə çevrilir. Belə vəziyyətdə qeyri-neft ixracatında azalmanı heç olmasa, statistik hesabatlarda göstərməkdən yayınmaq üçün hökumətin müxtəlif manevrlərə əl atdığı məlum oldu.

 

Əvvəlcə elektrik enerjisi ixracını kəskin artırdılar    

Əslində, Azərbaycandan ixrac olunan elektrik enerjisinin qeyri-neft ixracatına aid edilməsi yanlışdır. Çünki ölkədə istehsal olunan elektrikin az qala 90 faizinin xammalı məhz neft-qaz mənşəlidir. Amma əsas problem bu deyil. 

İki ay əvvəl “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevə hökumət tərəfindən rəsmi qaydada şiddətli töhmət elan edildi. Səbəb hökumətlə razılaşdırmadan ölkədən xaricə elektrik enerjisi ixracıdır. Aydın oldu ki, məhz bu icazəsiz və özbaşına ixracat birdən-birə qeyri-neft ixracatını şişirdibmiş - 2022-ci ildə elektrik ixracı 122 milyon dollar olmuşdusa, 2023-cü ildə 3,3 dəfə artaraq 402 milyona çatıb. Statistikadan görünür ki, hökumətin təbirincə desək, “özbaşına elektrik ixracı” olmasa imiş, 2023-cü ildə qeyri-neft ixracatında artım da qeydə alınmayacaqdı.

Rəsmi töhmətin nəticələrini çox gözləmək lazım gəlmədi. Artıq 2024-cü ildə elektrik ixracı yenidən azaldıldı və məlum oldu ki, hökumət statistik hesabatlarda qeyri-neft ixracatını artırmaq vədlərini yerinə yetirməkdə yenidən çətinlik çəkir. Məsələn, 2024-cü ilin 9 ayının gömrük məlumatlarına görə, qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar, dəyişməyib. Səbəbsə məhz elektrik ixracatından gəlirlərin birdən-birə 4,5 dəfə azalaraq 330 milyon dollardan 74 milyon dollara enməsi olub.   

        

 İndi isə inkişaf statistikasını reeksport hesabına xilas edirlər    

“Töhmət əməliyyatı” elektrik ixracatı sayəsində qeyri-neft ixracatını statistik hesabatlarda artımaq imkanını aradan qaldırdıqdan sonra yeni bir artım mənbəyi kimi reeksport əməliyyatlarının müəyyən qədər hökumətin dadına çatdığını görmək olur. Reeksport (təkrar ixrac) odur ki, siz öz istehsal etdiyinizi deyil, 3-cü ölkələrdə istehsal olunan malları alıb başqa ölkələrə satırsınız. Məsələn, Gürcüstanın ixracatında avtomobillərin təkrar ixracı mühüm paya malikdir. 

Son iki ildə Azərbaycanda reeksportun həcmi 3 dəfəyə yaxın artıb. 2022-ci ilin 10 ayı ərzində təkrar ixrac göstəricisi 149 milyon dollar idisə, 2024-cü ilin eyn dövründə 412 milyon dollara yüksəlib.

Təkrar ixrac əmtəələri içərisində kərə yağı və minik avtomobilləri ilə bağlı həcmlərin artığı aydın görünür. 2022-ci ilin 10 ayında ölkədən cəmi 6,8 milyon dollarlıq kərə yağı və 6,9 milyon dollarlıq minik avtomobilləri ixracı olunmuşdusa, 2024-cü ilin eyni dövründə hər iki əmtəə üzrə ixrac 10 dəfəyə yaxın artıb: kərə yağı idxalı 65 milyon, minik avtomobillərinin ixracı isə 64 milyon dollara çatıb.

2022-ci ildə təkrar ixrac əməliyyatlarının Azərbaycanın qeyri-neft ixracatında xüsusi çəkisi cəmi 4,8 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 15 faizə çatıb. Təkrar ixrac əməliyyatları nəzərə alınmazsa, Azərbaycanın qeyri-neft ixracatında 2023-cü ilin 10 ayına nisbətən 2024-cü ilin yanvar-oktyabr aylarında 2 faizdən çox azalma var: əgər ötən il ixrac olunan Azərbaycan mənşəli qeyri-neft əmtəələrinin həcmi 2,425 milyard dollar idisə, bu ilin 10 ayında həmin göstərici 2,388 milyard dollara enib.

Mümkün ehtimallardan biri budur ki, təkrar ixrac əməliyyatlarının belə sürətlə genişlənməsi Rusiyaya tətbiq olunan sanksiyalarla bağlıdır. Rusiya bəzi məhsulları birbaşa ala bilmədiyindən Azərbaycanın iş adamları  bazardakı boşluqdan istifadə edərək təkrar ixrac əməliyyatları hesabına pul qazanmaq imkanı əldə ediblər. Onlar bununla hökumətin  qeyri-neft ixracı statistikasındakı əyər-əskikləri  düzəltməyə də yardım etmiş olurlar.

"Toplum TV"