Aynur Elgünəş: “Əliyevlər lazım gələndə ən sadiq adamını belə ayağı altına ala bilər”

“Meydan TV”-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır:

Gələn ay bir il olacaq ki, hakimiyyətin necə işlədiyini ən aydın göstərən yerdə - həbsxanadayam. Aksiyaya çıxdığı üçün həbs edilən inanclı xanımlardan biri xəbərlər proqramı başlayan kimi belə deyir: “Baxaq görək bayırdakılar nədən əziyyət çəkir”.

Doğru təsbitdir. Ölkə vətəndaşları elə gündədir ki, biz türmədə onların halına acıyırıq. Hər gün stress, həyəcan, əməyin istismarı və nəticədə danışa bilməmək əzabı, həbs qorxusu…

Hətta hər kəsin qorxusuna çevrilmiş, kəsdiyi başın sorğu-sualı olmayan, daim ölkə rəhbərlərindən “nə edirsə, əcəb edir” sayağı cümlələr eşidən polis əməkdaşından belə “əlacım olsa, çıxıb gedərəm bu xarabadan” sözünü eşitmişik. Halbuki xaraba qoyduqları ölkədə çiyinləri ancaq ulduz qazanıb.

Ölkə idarəçiliyinin bərbadlığı nəticəsində bu gün hamı özünü qorxulu evin sakini kimi hiss edir. Sanki hər yer minalanıb, hara tərpənsən partlayıb səni havaya uçuracaq. Məmləkət qalıb bir qrup paranoyak zümrənin əlində. Yatıb yuxuları qarışan Kimi durub kimisə həbs edir, cəzaları və qadağaları artırırlar. Hansı ölkənin başçısı Əliyevlə soyuq salamlaşırsa, dərhal o ölkəyə bağlı düşmən axtarışına çıxırlar. Belə görünür ki, ölkədə hakimiyyət üçün düşmənlərin sayı dostlardan çoxdur. Ayağı yer tutan gedib, getməyən tutulub, yenə də qorxu hissi və paranoya bu zümrəni tərk etmir.

Onların böyük bir yaltaq ordusu var. Hər gün həmin vasitələrlə insanların beyninə “böyük lider”, “sarsılmaz birlik”, “uzaqgörən siyasət”, “müdrik şəxsiyyət” fikirlərini yeritməyə çalışırlar. Yaltaqlıq demişkən, Ramiz Mehdiyevlə bağlı hadisələr göstərdi ki, sabunu bol etməyin faydası yoxdur, Əliyevlər lazım gələndə ən sadiq adamını belə ayaqları altına ata bilir.

Ölkə idarəçiliyinin zaylığı təkcə günahsız insanların həbsinə gətirməyib, həm də vətəndaşları cinayət törətməyə məcbur qoyub, bir çox əxlaqi dəyərləri adiləşdirib. Təsəvvür edin, rüşvətlə varlanmağın cazibəsi və ictimai qınağın olmaması nə qədər cinayətə yol açır. Eləcə də başqasının malını mənimsəmə, dələduzluq yolu ilə əldəetmə. 

Özlərinin etirafına görə, dələduzluqda ittiham olunanlar həbs edilənlərin 44 faizini təşkil edir. Gerçəklikdə isə bu göstəricinin 60 faizdən az olmadığı qənaətindəyəm. Əksəriyyəti qızıl alveri və lombard maxinasiyası ilə bağlıdır və çoxunun arxasında hüquq-mühafizə orqanlarında rəhbər vəzifə tutanların adı hallanır.

Corc Oruell yazırdı ki, cinayətin gəlir mənbəyinə çevrildiyi istənilən cəmiyyətdə cinayətlərin kökündə sərt qanunlar və qəddar idarəçilik dayanır.

Həbsxana elə yerdir ki, sistemin necə işlədiyini buradan daha aydın görürsən. Birmənalı demək mümkündür: bu hakimiyyət üçün “vətəndaş” anlayışı yoxdur. Fərqi yoxdur - o insan həbsdədir, azadlıqdadır, müxalifətdədir, yoxsa hakimiyyətə yaxındır.

Hüquq-mühafizə və məhkəmə sisteminin durumu hamıya bəllidir. Ən diqqətdən kənarda qalan isə birbaşa insanlarla işləyən ədliyyə, daha doğrusu, penitensiar xidmətdir. Uzun müddətdir həbsxanalardakı həmkarlarımız qarşıladıqları problemləri işıqlandırırlar. Biz isə təcrid olunduğumuzdan maksimum 3-5 nəfərlə ünsiyyətdə oluruq.

Onların problemini ya işıqlandırırıq, ya da Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edərək həllinə çalışırıq. Kütləvi saxlanma korpuslarını görmədiyimiz üçün oradakı vəziyyət barədə təsəvvürümüz azdır, amma həmkarlarımız demək olar ki, bütün sahələrə işıq tutub.

Şəxsən mənim gördüyüm odur ki, nə məhbuslara qayğı var, nə də onlarla işləyənlərə. Bu gün penitensiar sistemdə çalışanlar yalnız başqa çarəsi olmayanlardır. Cüzi maaşla işləməyə məcbur olmalarının əsas səbəbi ölkədəki böyük işsizlik və ağır yaşam şəraitidir. Az qala bütün nəzarətçilərin və əməliyyatçıların bank krediti var. Yenə də çoxu dözmür, tez-tez işdən çıxır və pensiya yaşını həsrətlə gözləyirlər. 20 il kifayət edir ki, pensiyaya çıxsınlar.

Penitensiar Xidmətdə işləmək istəməyənlər arasında həkimlər də çoxdur. Məsələn, aylardır işdən çıxarılan Güney Həsənovanın yerinə gəlmək istəyən yoxdur. Bir həkim gəlmişdi, dözmədi, getdi. Hər gün 20-30, bəlkə də daha çox qadınla işləmək qarşılığında aldığı məvacib onu qane etmədi. İndi 200-ə yaxın qadın bir feldşerin ümidinə qalıb. Diaqnozları tez-tez səhv çıxsa da, pis-yaxşı bir USM mütəxəssisi vardı, o da maaş azlığına dözmədi, özəl klinikada ikiqat maaşa işə keçdi. “Baytar” dediyim üçün haqqımda rəhbərliyə şikayət edən Emin adlı həkim “Sançast”ın ən yaxşı mütəxəssisi sayılır. 

O da işin çoxluğundan imkan tapa bilmir. Canını feldşerə etibar etməyən qadınlar məhz onun sistem köçürməsini istəyirlər.

Bir neçə gün əvvəl baş həkimə dedim ki, 11 aydır həbsdəyik, görürəm, qadınların ginekoloq, ortoped, nevropatoloq və kardioloqa ehtiyacı var. Doğrudur, həmin həftə həm korpusda, həm də “sançast”dakı qadın bölməsində müayinələr təşkil olundu. Ancaq məlum oldu ki, ginekoloq və ortoped kənardan gətirilib.

Sən demə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin ştatında ginekoloq yoxdur. Halbuki ümumilikdə 700-dən çox qadın həbsdədir və hər biri ən azı ildə bir dəfə müayinə olunmalıdır.

Mütəxəssislərlə yanaşı, tibbi avadanlıqlar da yoxdur. Yenə də səbəb maddiyyatla izah olunur: avadanlıq almağa Ədliyyəyə kifayət qədər vəsait ayrılmadığı deyilir. Təsəvvür edin, kənardan gətirilən həkim üçün neçə dəqiqə gözləmişik ki, USM aparatının ciyiltisi dayansın, yoxsa ekran sönür. 

Nə bizim “sançast”da, nə də Tibb İdarəsinin nəzdindəki digər tibbi-sanitar hissələrdə MRT və oxşar avadanlıq var. Bu barədə dostum Şəmşad Ağa da ətraflı yazmışdı.

İndi müəssisə əməkdaşları ümid edir ki, bəlkə növbəti ilin büdcəsi təsdiqlənəndə ədliyyə sisteminin tibbi təchizatı da gündəmə gələr. 

Amma təbii ki, yenə də heç nə dəyişməyəcək. 

Çünki sistem çürükdür. Çünki bu çürük sistemin başında duranların pul bölgüsündə ədliyyə sistemi yüzüncü yerdə də deyil. 

Pullar yalnız güc strukturlarına yönləndirilir, bütün imtiyazlar onlara verilir. Çünki hakimiyyət məhz onların sayəsində ayaqdadır. Onların sayəsində pullu insanlar həbs edilir, ən azı Qarabağda 20-30 ev tikmə öhdəliyi götürdükdən sonra azad olunur. 

Onların sayəsində dillənən başlar əzilir. Azərbaycan hakimiyyəti üçün öz vətəndaşı ən dəyərsiz varlıqdır. Onun rifahından çox, vergi yükünü necə artırmaq barədə düşünür.

Yenə də həyatın nə gətirəcəyini bilmək olmur. Görmüş müdriklər boşuna deməyib: “Dərin qaz, dayaz qaz, sonda özün düşəcəksən.” Bu bataqlığı yaradanların ən ağsaqqalı artıq onun üfunətini hiss edir. Davamını gözləyək. Onsuz da əvvəl-axır rejim özünü yeyəcək…