Avropa Məhkəməsi bildirir ki, hökumət qulluqçularına baş örtüyü qadağan edilə bilər

Avropanın ali məhkəmə instansiyasının qərarında deyilir ki, üzv ölkələrin hakimiyyət orqanları hökumət və dövlət qulluqçularının dini inanc simvollarından, məsələn baş örtüyü və ya islami hicabdan istifadəsini qadağan etmək hüququna malikldir.

Reuters agentliyi yazır ki, bu məsələ Avropa İttifaqına üzv ölkələrdə uzun illər fikir ayrılığına səbəb olub.

Avropa İttifaqı Ədalət Məhkəməsi (CJEU) bu məsələyə şərqi Belçikada Ans bələdiyyəsinin bir qadın işçisi ona iş yerində hicabın qadağan olunmasından şikayət etdikdən sonra baxıb.

Həmin bələdiyyə bunun ardınca öz işçilərinin iş zamanı sərt neytrallıq qaydalarına riayət etməsinə, dini və ideoloji simvollardan istifadənin qadağan olunmasına dair rəsmi qaydalar tətbiq etmişdi.

Həssas balans

Sözü gedən qadın bu məsələnin həlli üçün hüquqi müstəvidə mübarizəyə başlamılşdı. O iddia edirdi ki, bələdiyyə onun din azadlığını pozub.

Məhkəmənin qərarında deyilir ki, sərt neytral geyim qaydalarının tətbiqindən məqsəd neytral inzibati mühit yaradılması olduğundan bu qaydalara hüquqi baxımdan haqq qazandırıla bilər.

Məhkəmənin qərarında bu da qeyd olunur ki, başqa bir ictimai administrasiya dini inancların görünən simvollarından istifadəni qeyri-diskriminativ şəkildə məqbul saya bilər.

Qərarda vurğulanır ki, Aİ-yə üzv ölkələr hökumət qulluğunun neytrallığını təmin etmək kimi hüquqa malikdirlər.

Amma qərarda bu da qeyd olunur ki, sözü gedən qaydalar davamlı və sistematik şəkildə tətbiq olunmalı və sərt zərurət həddini aşmamalıdır.

 

Azadlıq Radiosu