ABŞ-ın vitse-prezidenti Harris “Qəzzada dərhal atəşkəsə” çağırıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, Qəzzada böyük iztirablar var, ona görə də təcili atəşkəsə ehtiyac var. HƏMAS-ın atəşkəs şərtlərini qəbul etməli olduğunu qeyd edən Harris, İsraildən aclıqla üzləşən fələstinlilərə daha çox yardımın çatmasına icazə verməsini istəyib.

Oktyabrın 7-də başlayan İsrail-Həmas müharibəsi 6-cı ayına girərkən ABŞ gələn həftə başlayacaq Ramazan ayında atəşkəs elan etməsi üçün təzyiq altındadır.

Mövzu ilə bağlı Alabama ştatının Selma şəhərində danışan ABŞ-ın vitse-prezidenti Kamala Harris, "Qəzzada yaşanan iztirabların miqyasını nəzərə alaraq, atəşkəsə dərhal nail olmaq lazımdır" deyib. "Masa üzərində bir razılaşma var və dediyimiz kimi, HƏMAS bu razılaşmanı qəbul etməlidir" deyən Harris, "Qəzzada insanlar aclıqdan ölür. Şərtlər qeyri-insanidir və ümumi insanlığımız bizi hərəkətə keçməyə məcbur edir" deyib.

Ən azı önümüzdəki 6 həftə ərzində atəşkəs elan edilməsi lazım olduğunu vurğulayan Harris, qəzzalıların köməyə çata bilməsi üçün İsrailin daha çox sərhəd qapısı açması və nəzarət prosedurlarını azaltması lazım olduğunu bildirib.

Sözügedən atəşkəsin girovların xilas edilməsinə və Qəzzaya humanitar yardımların daxil olmasına imkan yaradacağını ifadə edən Harris, “Bu, bizə İsrailin təhlükəsizliyinə və fələstinlilərin ləyaqət hüququna hörmətə əsaslanan daha uzunmüddətli bir quruluş qurmağa imkan verəcək” söyləyib.

ABŞ mətbuatında rəsmi qaynaqlara əsaslanan xəbərdə, Bayden rəhbərliyi ilə İsrailin girovların azad edilməsi də daxil olmaqla 6 həftəlik atəşkəs şərtləri ilə bağlı razılığa gəldiyi və HƏMAS-dan cavab gözlənildiyi bildirilib.

Masada son atəşkəs razılaşmasının İsrail tərəfindən 'böyük nisbətdə' qəbul edildiyi bildirilərkən, Təl-Əviv rəhbərliyinin Həmasdan sağ qalan girovların siyahısını tələb etdiyi qeyd edildi. HƏMAS-ın bu tələbi rədd etdiyi iddia edilərkən, İsrail rəhbərliyinin bu səbəbdən Qahirədə keçiriləcək danışıqlara heyət göndərməkdən imtina etdiyi bildirilib.

Bu arada İsrail rəhbərliyi yardım növbəsinə atəş açaraq 100-dən çox fələstinlinin öldürüldüyü hadisə ilə bağlı açıqlama verib. Təl-Əviv xəbərdarlıq atəşindən sonra yaranan izdihamda növbədə gözləyənlərin çoxunun əzilərək öldüyünü iddia edib.

Ordu sözçüsü köməyə çatmağa çalışan ilk qrupun əsgərlərə çox yaxınlaşdıqları və xəbərdarlıq atəşi açıldığı üçün təhlükə yaratdığını iddia edib.

Fələstin rəsmiləri isə qeyd ediblər ki, qurbanların üzərində tapılan pulemyot yaraları İsrailin bəyanatını təkzib edir.

 

euronews