ABŞ Dövlət Departamentinin baş müşaviri Yerevanda danışıqlar apardıqdan sonra yenidən Bakıya qayıdıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, martın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münhen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi, delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub.

“Nazir Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Nazir eyni zamanda, erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib”, məlumatda deyilir.

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə baş müşaviri Luis Bono bundan öncə martın 6-da Azərbaycanda səfərdə olub və sonra Ermənistana səfər edib. Baş müşavir martın 7-də Ermənistanda Baş nazir Nikol Paşinyanla görüşdükdən sonra martın 10-da yenidən Bakıya qayıdıb.

Martın 6-da isə Bakıda Prezident İlham Əliyevlə görüş zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Martın 2-də ənənəvi brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib ki, Münhendə keçirilən üçtərəfli görüşün yekunu olaraq Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirak etmək üçün son səyləri ABŞ-ı ruhlandırır.

“Cənab Bono bu səylərə əsaslanaraq irəliləyişin davam etdiyini görəcəyinə ümid edir. Bütün bu üç şəhərdə (Bakı, Yerəvan, Tbilisi) cənab Bono ABŞ-ın Cənubi Qafqazın dinc, demokartik və firavan gələcəyinə sadiqliyini vurğulayacaq”, Ned Prays qeyd edib.

Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri birbaşa danışıqlar yolu ilə, eləcə də Avropa İttifaqı və bizimlə birgə diqqətlərini sülh prosesinə yönəldiblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, Dövlət katibi görüşdən sonra Twitter hesabında qeyd edib.