ABŞ-ın Cənubi Qafqaz üzrə nümayəndəsi Bakıya gəlir

ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə baş məsləhətçi Luis Bono gələn həftə regiona səfər edəcək.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

“Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti sadiqliyimizi dəstəkləmək üçün yüksək səviyyəli liderlərlə görüşməyi planlaşdırır. Səfər çərçivəsində o, Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. Ardıcıllıqla Bakıda, Yerevanda və Tbilisidə olacaq”, – Dövlət Departamentinin sözçsü Ned Prays gündəlik mətbuat brifinqində deyib. 

Praysın sözlərinə görə, Bononun səfərinin Ermənistan və Azərbaycan arasında sülh prosesinə fayda verəcəyinə ümid edirlər. 

Xatırlatma

Luis Bono ötən ay Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edilib. 

Dövlət Departamenti qeyd edir ki, onun bu cür danışıqlar aparmaq üçün böyük təcrübəsi var. O, Beynəlxalq Atom Enerjisi Agentliyində və BMT-nin Vyana ofisində ABŞ-ın nümayəndəsi olub. 

Departamentin bəyanatında həmçini qeyd olunub ki, ABŞ “Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli də daxil olmaqla, hərtərəfli sülh sazişinin bağlanmasında Ermənistan və Azərbaycana kömək etmək öhdəliyini götürüb”.

Luis Bononun vəzifələrinə “Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun təşviqi” də daxildir.