3 saylı Şüvəlan İstintaq Təcridxanasında MBH üzvünə təzyiq olunub

3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan və barəsində saxta narkotik ittihamı ilə cinayət işi başladılan Müsəlman Birliyi Hərəkatının üzvü İbrahim Muradov təcridxanada təzyiqlərlə üzləşib.

Bu barədə o özü, ailəsi ilə əlaqə saxlayaraq məlumat verib. “İki dəfə məni kameradan qaldırıb, dindirilməyə aparıblar. İsrarla məndən Müsəlman Birliyi Hərəkatının əleyhinə danışmağımı tələb ediblər. Çəkiliş edib yayımlamaq istədikləri videoda məni məcbur edirlər ki, hərəkat haqqında şər, böhtan söyləyim” - deyə o, bildirib.

İbrahim tələb olunanları etməyəcəyi təqdirdə hansı işgəncələrə məruz qalacağını və ya hazırda hansı işgəncələrə məruz qaldığını ailəsinə söyləməyib. Lakin birmənalı olaraq israrla, dəfələrlə dindirilərək hərəkatın əleyhinə danışmağa təkid olunması göstərir ki, tələb olunan izahatın alınmasına maraqlı qüvvələr bu istiqamətdə ciddi çalışır və buna görə hansı addımların atıla biləcəyi ehtimalı da bəllidir.

Hərəkat bütün baş verənləri ölkədə hərc-mərcliliyin, qanunsuz mühitin baş verdiyi ortamda növbəti özbaşınalıq kimi dəyərləndirir. Artıq illərdir ki, hakimiyyətin MBH əleyhinə apardığı kompaniya, şərləmə, şou oyunlarının effektsizliyi hakimiyyəti hərəkat üzvlərinin kütləvi həbsi kimi iyrənc addımlara qədər gətirib çıxarıb. Bütün bunlara baxmayaraq onların iradəsinin sınmaması isə təcridxanalar da daxil, həbsxanalarda  hərəkat üzvlərini işgəncə və təzyiqlərə məruz qoyub. Hərəkat bütün bu addımları kəskin tənqid edir və hakimiyyətin hər növ cılız davranışlarını onların məlum səviyyə nümayişi olaraq dəyərləndirir. 

Xatırladaq ki, MBH üzvü İbrahim Muradov 2024-cü il fevralın 21 də saxlanılıb. Barəsində saxta narkotik ittihamı (234.4.3 külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) ilə cinayət işi başladılan inanclı hal-hazırda 3 saylı Şüvəlan İstintaq Təcridxanasındadır. İ. Muradov da daxil bu günə qədər MBH-nin 70 üzvü həbsdədir.