“Zirə”nin qapıçısı Azərbaycan Premyer Liqasında mövsümün rekorduna imza atıb

“Zirə”nin qapıçısı Tyaqo Silva Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün rekorduna imza atıb.

Peşəkar Futbol Liqasının mətbuat xidməti xəbər verir ki, portuqaliyalı qolkiper ilk yarının 18 matçının yarısında – 9-da qol buraxmayıb.

Ümumiyyətlə, ilk yarıda yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb. Bütün oyunlarda iştirak edən Tyaqo Silva 50 faizlik göstəriciyə nail olub.

Mehdi Cənnətov ikinci pillədə qərarlaşıb. “Sumqayıt”ın qapıçısı 6 “quru” oyun keçirməyi bacarıb.

Digər iki qolkiperin hesabında 5 belə qarşılaşma var. “Turan Tovuz”un üzvü Aydın Bayramov və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram üçüncü sıranı bölüşürlər.

 

Report