Samir Babayev təcridxanada döyülüb

Ədliyyənin işgəncə maşını növbəti dəfə işə düşərək siyasi məhbus Samir Babayevə fiziki zor göstərib. Bu barədə S. Babayev özü ailəsi ilə telefon əlaqəsi zamanı bildirib. Korpusun rejim rəisi Arif Heydərovun ona fiziki zor göstərmə səbəbi isə Samirə göndərilən sovqatların təcridxana işçiləri tərəfindən oğurlanması olub.

Samirin bildirdiyinə görə ona göndərilən sovqatlarda itki ilk dəfə deyil. O, bununla bağlı saxlanıldığı 1 saylı İstintaq Təcridxanasının rəhbərliyini məlumatlandırıb. Sonuncu dəfə ailəsi sovqat göndərən zaman Samir azuqənin siyahıya alınmasını ailəsindən istəyib. Nəticədə məlum olub ki, yenə də sovqat çatışmamazlığı var.

Mövcud məsələyə etiraz zatən Samirə qarşı sərt mövqe sərgiləyən təcridxananın rəhbər işçilərini sözün həqiqi mənasında hərəkətə keçirib. “Yeriyən zaman başını dik tutub, ətrafa çox nəzər salırsan” bəhanəsi ilə rejim rəisi Arif Heydərov Samiri öz otağına gətizdirib. Bundan sonra siyasi məhbus fiziki işgəncələr yaşayıb.

Məsələnin həll yolunu nədənsə həmişə işgəncədə görən ədliyyənin məhbuslarla əlaqəli orqanlarında iş mexanizmi bu dəfə də fərqli nəticə nümayiş etdirməyib. Qanunsuzluq mühitinin heç bir sorğulanma aparmayacağı çətiri altında Penitensiar xidmət hələ də özbaşnalıqlarını davam etdirmək fikirindədir.