Şirvan Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi növbəti inanclı ilə bağlı qərarı dəyişmədən qüvvədə saxlayıb. Mayın 17-də Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Balaşovun şikayət ərizəsinə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılıb. İnanclının məhkəməyə etdiyi müraciəti Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 4 il müddətinə ev dustaqlığı ilə bağlı cəzasından verilən şikayət əsasında təyin olunub. Hakim Elçin Xasməmmədov vəkilin qaldırdığı vəsatətləri araşdırdığını bildirsə də, lakin o qərarı qüvvədə saxlayaraq məhkəməni yekunlaşdırıb.

Xatırladaq ki, C.Balaşov 2023-cü il fevralın 2-də Beyləqan polisi tərəfindən saxlanılıb və barəsində narkotliklərlə bağlı cinayət işi başlanılıb. İyulun 11-də virtual məhkəmə iclasından sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranıb və o, iyunun 14-də vəziyyətinin ağırlaşması səbəbindən Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Mərkəzdə olduğu zaman Balaşov, istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalma səbəbindən vəziyyətinin ağırlaşdığını deyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi avqustun 23-də C.Balaşovun vəziyyətinə görə onun polis nəzarətinə verilməsi ilə bağlı qərar qəbul edib.

Fevralın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində beyin şişi xəstəliyindən əziyyət çəkən MBH üzvünə 4 il müddətinə ev dustaqlığı cəzası verib.