Tramp 29 diplomatı xarici səfirliklərdən geri çağırır

Donald Tramp administrasiyası 2026-cı ilin yanvarından etibarən ABŞ-nin xaricdəki diplomatik nümayəndəliklərində çalışan 29 diplomatını - səfirləri və digər yüksək vəzifəli əməkdaşları geri çağırır. Bu barədə “Associated Press” və “The Guardian” yazır.

“Associated Press”in ABŞ Dövlət Departamentindəki mənbələrinin bildirdiyinə görə, ötən həftə ən azı 29 ölkədəki diplomatik missiyalara həmin şəxslərin səlahiyyət müddətinin 2026-cı ilin yanvarında başa çatacağı barədə məlumat verilib.

Məlumata əsasən, geri çağırma qərarı Afrikada 13 ölkə (Kamerun, Ruanda, Seneqal, Somali, Madaqaskar və digərləri), Asiya-Sakit okean regionunda 6 ölkə (o cümlədən Filippin və Vyetnam), Avropada 4 ölkə (Ermənistan, Makedoniya, Monteneqro və Slovakiya), həmçinin Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamı əhatə edir.

“Associated Press” yazır ki, geri çağırılan diplomatlar əvvəlki prezident Co Bayden administrasiyası dövründə təyin olunublar və onların yerinə Trampın “Amerika əvvəlcə” yanaşmasına uyğun prioritetləri dəstəkləyən şəxslərin gətirilməsi nəzərdə tutulur.

Bu barədə dekabrın 19-da məlumat yayan “Politico” isə addımı “qeyri-adi” adlandırır: yeni prezidentlərin səfirləri dəyişməsi adi sayılsa da, karyera diplomatlarına çox vaxt fəaliyyətlərini davam etdirməyə imkan verilir, çünki onların istənilən administrasiyanın xarici siyasət xəttini icra etməli olduqları qəbul edilir.

Dövlət Departamenti bildirir ki, kadr dəyişikliyindən təsirlənən şəxslər diplomatik xidmətdə işlərini itirməyəcəklər. İstədikləri təqdirdə onlar Vaşinqtona qayıdaraq digər vəzifələrdə fəaliyyətlərini davam etdirə bilərlər.