Yüzlərlə ravvin İsrail hökumətindən Qəzzada aclığın silah kimi istifadə edilməsinə son qoymağı və döyüşləri dayandırmağı tələb edib

Dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə ravvin İsrail hökumətinə açıq məktub ünvanlayaraq Qəzzada aclığın silah kimi istifadə edilməsinə son qoymağı, girovları azad etməyi və döyüşləri dayandırmağı tələb edib.

Məktubda qeyd olunur ki, yəhudi xalqı ciddi mənəvi böhranla üz-üzədir və humanitar yardımların qarşısının alınması yəhudi dəyərlərinə ziddir.

Ravvinlər bildirirlər ki, HƏMAS və Hizbullaha qarşı mübarizəni dəstəkləsələr də, mülki əhalinin – xüsusilə qadınlar, uşaqlar və yaşlıların – kütləvi şəkildə qətlə yetirilməsini və aclığın alətə çevrilməsini qəbul etmirlər.

Məktubda İsrail hökumətinə çağırış edilir ki, İordan çayının Qərb Sahilində fələstinlilərə qarşı zorakılıq edən yəhudilərə qarşı qanuni tədbirlər görülsün. Onlar bildirirlər ki, bəzi israilli nazirlərin, ordu zabitlərinin və orada məskunlaşanların davranışları mövcud böhranın yaranmasına səbəb olan əsas amillərdən biridir.

Məktubda həmçinin bölgədə sülh, İsrail üçün təhlükəsizlik və fələstinlilər üçün ləyaqətli, ümidverici bir gələcək üçün dialoqa ehtiyac olduğu vurğulanır.

Conatan Vittenberq, Artur Qrin və Ariel Pollak kimi tanınmış ravvinlər tərəfindən hazırlanan məktuba imza atanlar arasında ABŞ, Böyük Britaniya və İsraildən olan dini liderlər də var.