Yunanıstanda insanlar İsrail gəmisinin qarşısını kəsdi: "Qəzza yanarkən burada istirahət edə bilməzsiniz!"

İsrailli turistləri daşıyan kruiz gəmisi Siros adasına yanaşmağa cəhd edəndə sakinlər hərəkətə keçib. Gəmi enməzdən əvvəl tərk etmək məcburiyyətində qalıb.

İsraildə yerləşən Mano Maritime şirkətinə məxsus "Crown Iris" adlı kruiz gəmisi bu gün Yunanıstanın Siros adasında dayanmalı idi. Lakin Fələstində soyqırım davam etdiyi bir vaxtda ada sakinləri israilli turistlərin istirahətinə icazə verməkdən imtina ediblər.

Bölgədəki təhsil birlikləri, gəminin adaya gəldiyi saatlarla Fələstin xalqına dəstək üçün etirazlara çağırıb. Həmkarlar ittifaqı işçiləri, tələbələr və yerli sakinlər çağırışa qulaq asaraq Siros limanına toplaşıblar.

Limana toplaşan insanlar Fələstin bayraqları və “Soyqırımı dayandırın” yazılmış plakatlar dalğalandıraraq, gəmidəki 1600 sərnişini sahilə buraxmaqdan imtina ediblər.

Şirkət rəsmiləri əvvəlcə etirazın sürətlə dağılacağını bildirsələr də və “kiçik gecikmə” elan etsələr də, saatlarla davam edən etirazlardan sonra gəmi Kiprin Limassol şəhərinə istiqamət alıb.

Sərnişinlərə etiraz zamanı göyərtəyə çıxmamaq tövsiyə edilib, lakin bəzi israilli sərnişinlər etirazçılara meydan oxuyaraq İsrail bayraqlarını dalğalandırıb və mahnılar oxuyublar.

Gəmidən enə bilməyən sərnişinlər "Fələstinə azadlıq" şüarları səsləndirərək, "Qəzzada qırğın davam edərkən burada israilli turistlərin qəbul edilməsi qəbuledilməzdir" deyiblər.

İsrailin xarici işlər naziri Gideon Saar gəminin Sirosda yanalmasını müzakirə etmək üçün yunan həmkarı George Ierapetritis ilə görüşdüyünü açıqlayıb. Bununla belə, İsrail mətbuatının yazdığına görə, sərnişinlərin adaya enməsinə icazə verilməməsi qərarı Yunanıstan rəsmiləri tərəfindən deyil, etirazlardan narahat olan gəmi sahibi tərəfindən verilib.