Səudiyyə Ərəbistanı 8 ildən sonra Yəməndəki “bataqlıqdan” çıxmaq istəyir

Səudiyyə Ərəbistanı Yəməndə başladığı hərbi əməliyyatdan 8 il keçdikdən sonra, qalıcı sülh hələ üfüqdə olmasa da, ilişib qaldığı bataqlıqdan çıxmaq və diqqətini öz daxilindəki layihələrə yönəltmək istəyir. Krallıq Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətə qarşı ayağa qalxan husiləri dəstəkləyən İranla diplomatik əlaqələri bərpa edən müqavilə imzalamaqla ilk dəfə buna işarə edib.

Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın 2030-cu il üçün Vizyon islahat planı çərçivəsində radikal iqtisadi və sosial dəyişikliklər başlansa da, Beynəlxalq Böhran Qrupundan Əhməd Naqiyə görə Yəməndə hərbi strategiyadan daha yumşaq və daha siyasi strategiyaya keçmək hədəflənir.

Ərəb ölkələrinin 26 mart 2015-ci il tarixində Səudiyyə Ərəbistanının başçılığı ilə başlatdığı hərbi müdaxilə çərçivəsində həyata keçirilən hava hücumları dünyanın ən pis humanitar böhranlarından birinə səbəb oldu.

Müdaxilənin birbaşa və dolayı təsirləri nəticəsində yüz minlərlə insan həyatını itirib, 4,5 milyon insan isə didərgin düşüb. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, ölkənin üçdə ikisindən çoxu yoxsulluq həddinin altında yaşayır.

Ötən ilin aprelində Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə edilən atəşkəs münaqişəni xeyli azaldıb. Oktyabrda atəşkəs müddəti başa çatsa da, yenidən döyüşlər başlamadı. Atəşkəsdən əvvəl Səudiyyə Ərəbistanı ilə husilər arasında arxa kanallar vasitəsilə danışıqlar aparılırdı.

Mütəxəssislərin fikrincə, Ər-Riyadın prioriteti sərhədlərin təhlükəsizliyini təmin etmək, həmçinin əsas neft obyektlərini hədəf alan pilotsuz təyyarə və raket hücumlarını dayandırmaqdır. Müdaxilənin əvvəlində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın məqsədi mülki insanları husilərin hücumlarından qorumaq, hökuməti yenidən qurmaq və Yəmənin İranın dəstəklədiyi qüvvələrin arxa həyətinə çevrilməsinin qarşısını almaq olub.

Lakin səkkiz il keçsə də, husilər hələ də ölkənin çox hissəsinə nəzarət edirlər və Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə mürəkkəb hücumlar etmək iqtidarındadırlar. Ölkəni xarici dünyaya açmaq üçün yeni sosial və iqtisadi islahatları elan edən və dəyəri 500 milyard dollar olan NEOM adlı futuristik bir şəhərin inşasına başlayan Səudiyyə Ərəbistanı Yəməndəki qarşıdurmalardan daha təsirlənmək istəmir.

AFP-yə danışan analitik bildirib ki, Səudiyyə Ərəbistanı husilərlə qeyri-rəsmi danışıqları BMT-yə təhvil verməklə yoldan çıxmaq istəyir. Təhlilçinin sözlərinə görə, Ər-Riyad gələcək problemlərə görə məsuliyyət daşımaq istəmədiyini vurğulayıb.

Digər tərəfdən, bir çox ekspertlər Səudiyyə Ərəbistanının rolunun azaldılmasının ölkəyə sülh gətirəcəyini düşünmürlər. Yəməndəki dini, regional və siyasi parçalanma səbəbindən problemlərin davam edəcəyi güman edilir. Ər-Riyadda AFP-yə danışan ərəb diplomat Səudiyyə Ərəbistanı ilə bağlı bunları deyib: "Onlar nə olursa olsun Yəməndən çıxmaq istəyirlər. Çünki onlar bataqlıqda qalıblar və bu, hər cəhətdən çox baha başa gəlib".