Rejimin qəhrəmanlara qarşı nifrəti

Hər bir xalq öz qəhrəmanları, onun tarixini şanlı səhifələrə həkk edən igidləri ilə qürur duyur. Zamanla əbədiləşən bu şəxslər bir ölkənin, bir millətin hansı özəlliklər, dəyərlər müstəvisində formalaşmasını özündə ehtiva edir. Keçmişdən bu günə düşüncəmizdə yaşatdığımız qəhrəmanların həqiqəti bu gün Azərbaycan adlı dövlət, üç rəngli bayrağı ilə ölümsüzdür.

Xalq qəhrəmanlarını tanımaqla təkcə hansı tarixi dönəmin keşməkeşlərindən keçməsi deyil, eyni halda nümunəvi şəxsiyyətlərin gələcəyə işıq saçan nurani simalarını tanıyır, öz gələcəyini belə şəxslərin baxış bucaqlarına uyğunlaşdıraraq formalaşdırır.

Yaxın keçmişin Mehdi Hüseynzadələri, Mikayıl Müşfiqləri, Rəsulzadə və Cavidləri bu səhifələri öz aydın zəka və hünər özəllikləri ilə yazmışdılarsa, müasir tarix bunu Polad Həşimovlar, Ziya Bünyadovlar, Hacı Şahin Həsənovlar, Elmarlar, Xudayarların simasında gördü, tanıdı və sevdi. Onlar Azərbaycan tarixinin ölümsüzlük əsərinə imza atan əbədiyaşar məşərlərdir ki, xalqın hər zaman qəlbində yaşayacaqlar.

Sovetlər dönəmi, sosializmin dəyərlərini, “Böyük Sovet Ailəsi”ni qoruyan ideoloji cərəyan bu qəhrəmanları incəliklə seçdi və prinsipləri ilə ziddiyyət təşkil etməyən simaların əbədiləşməsində təkan verdi. Bu gün Nəsimilər, Nizamilər, Babəklərlə yanaşı Mehdi Hüseynzadələr, Nəbilər, Məmmədlər Azərbaycan tarixində hansı imzalar atılması nümayiş edilən sənət əsərlərində xalqa təqdim edildi. O dövrün çətinliyi də ideoloji baxımdan yaranan mürəkkəb vəziyyət idi ki, kommunizm burada öz prinsiplərini rəhbər tutmaqla addımlar atırdı.

Lakin müsəqillik hər şeyi Azərbaycan tarixinin bu gününə, milli məfkurəyə kökləyərək Azərbaycanın varlığı üçün mübarizə aparan hər bir Azərbaycanlıya tək ürək oldu. Burada hər hansı bir ziddiyyət və seçim söz mövzusu ola bilməzdi. Məşhur deyim olaraq hər şeyin vətən üçün olması vahid hədəfə çevrildi. Bu şəxslər Azərbaycanın müstəqilliyi üçün canını verən ilk fidanlarla başlayaraq, 44 günlük müharibədə tarix yazan sonsuz bir gözəlliyi Azərbaycan kimliyinə həkk edə bildi.

Lakin nədənsə sovetlərin senzura sisteminə tuş gələn qəhrəmanlara veriləcək açıq meydan bu günün gerçəkliyində daha da məhdud ortam nümayiş etdirdi. Müharibə dönəmi istisna olmaqla şəhidlər haqqında nəinki film, verliş və kitablar yazılmadı, hətta yolları bəzəyən bir çox şəhid şəkilləri icra başçılarının göstərişi ilə söküldü. Yüzlərcə şəhid anaları, müharibə iştirakçılarının fəryadı, bir o qədər qazilərin intiharı bu məslənin maraqlı və planlı gündəmdən qaldırılmasına nümunə idi.

Əvəzinə efir məkanları ailələri tərəfindən qabul olunmayıb yüngül həyat tərzi yaşayan aktyor və müğənnilərə qucaq açdı. 44 günlük kişilik məktəbi, əxlaqsız həyat yaşıyan qadınları ayağına düşüb ona yalvaran kişiciklərin at oylağına çevrildi. Qəhrəmanlar və qəhrəmanlıq zirvəyə yüksələcəyi gözləntisi həyat yoldaşına prinsip səbəbindən xəyanət edənləri əvəzlədi.

Məsələnin belə sadə görünən tərəfi arxasında gizlənən həqiqət yaradılan səs-küylü şouların arxasında gizlənməməlidir. Birmənalıdır ki, bu vəziyyət hazırkı hakimiyyətin tələb və istəkləri fonunda icra edilir. Ölkədə kişilər, qəhrəmanlar, igidlərə qısqanc yanaşım heç də təsadüf üzündən baş verə bilməz. Əlavə olaraq, rəzillərin əziz olaraq təqdimatı da birmənalı bu məslənin planlı icra olunmasına əyani sübutdur. Əks halda sovetlərin senzurasına baxmayaraq yaşadılan Azərbaycan qəhrəmanları bu gün heç bir maneə olmayan bir mühitdə küncə sıxılmasının başqa nə adı ola bilər ki?

Hakimiyyətin qəhrəmanlara qarşı davranışları onların simasında ifşaedici bir gücün olması ilə mütləq əlaqəlidir. At belində, döyüş meydanında qürurla addımlayan sərkərdənin ordu önündəki qətiyyətli duruşu onu döyüş iştirakçısından qələbə fatehinə qədər daşıyan bir uğur yaradırsa, bu, birmənalı hər bir qəhrəmana ən azından paralel olan bir vəziyyətdir. Ona görə də belə bir sərkərdə öz qəhrəmanını fəxarətlə sinəsinə sıxıb xalqın ölümsüzü edəcək. Nəticədə bu addımı ilə o, özünün də başçılıq etdiyi döyüşün qəhrəmanlıq salnaməsində nə qədər böyük rola malik olduğunun etirafını yaşayacaq.

Azərbaycan hakimiyyətində 90-cı illərdə müstəqillik aktına yox deyənlərin sonradan vəzifəyə gələrək, müstəqilliyi əldə edənləri ləkələyərək linc etməsi ssenarisi bu günün qəhrəmanlarına qarşı da eyniliklə icra edilir. Məmurların övladlarının gizləndiyi I və II Qarabağ savaşlarında döyüşən, qazi olan və nəhayət, şəhadətə ucalanları bu gün unutdurmağa çalışan sistem həqiqətdə onların qəhrəmanlığı qarşısında düşdükləri vəziyyətdən narahatdırlar. Xalqın yaddaşından silinmələri üçün Azərbaycanda dəyərlərə qarşı açılan cəbhənin tək səbəbi də budur. Qəhrəmanların, xalqın varlığını, kimliyini qoruyanların ifşaedici varlıqları onların cılız kimliklərini hədəflədiyi üçün onlar unudulmağa, həbslərə və ya ölümə məhkum edilməyə hədəflənib.

Rejim qəhrəmanları sevmir və buna görə də onlara qarşı yad, xarici ünsür olaraq davranış sərgiləyir. Məlum mənzərə ölkədə tək bir qəhrəman obrazı yaratmağa hesablanıb deyə digərləri yaxşı halda unutdurulur. Pis halda təzyiq, təqib və həbslərə məruz qoyularaq xalqın beyninda yanlış adlarla ləkələndirilir.

Lakin zaman bundan da sərt bir dönəm görüb və yaşayıb. Hər məhrumiyyət bir gün həqiqəti aşkarlamağa, onun kimliyini aydınlatmağa məcburdur. O məlum güünün gələcəyi şübhəsiz və mütləqdir.