Qəzzada yarım milyondan çox insan aclıqdan əziyyət çəkir

Dünyada aclığın monitorinqini aparan beynəlxalq sistem – “IPC” avqustun 22-də Qəzza zolağında aclığın başladığını açıqlayıb.

Hesabata görə, zolağın əhalisinin dörddə biri – təxminən 514 min nəfər kəskin ərzaq çatışmazlığı yaşayır. Proqnozlara əsasən, bu rəqəm sentyabrın sonunadək 641 min nəfərə çata bilər.

Aclıqdan əziyyət çəkənlərin 280 min nəfəri Qəzzanın şimal bölgəsində, qalanları isə Deyr əl-Bələh və Xan Yunisdə yaşayır. Bu, “IPC”-nin bölgə ilə bağlı ilk belə qiymətləndirməsidir.

İsrail isə hesabatı “yalan və qərəzli” adlandırıb, məlumatların HƏMAS-dan qaynaqlandığını bildirib.

“IPC” kriteriyalarına görə, əhalinin ən az 20%-i kəskin aclıqdan əziyyət çəkirsə, hər üç uşaqdan biri ağır qida çatışmazlığına düçar olur və hər 10 min nəfərə gündə azı iki nəfər aclıqdan ölürsə, bölgə aclıq vəziyyətində hesab edilir.

Qəzzada müharibə 2023-cü ilin oktyabrında başlayıb və bölgə blokadaya alınıb. Səhiyyə rəsmilərinin məlumatına görə, indiyədək ən azı 271 nəfər aclıqdan ölüb, onların 112-si uşaqlardır.

Ümumilikdə isə İsrail hücumları nəticəsində Qəzzada 60 min nəfərdən çox insan həyatını itirib, ölənlərin 18 min nəfəri uşaqlardır.