Qəzza zolağında yeganə katolik kilsəsini vuran İsrail bunun üçün “təəssüfləndiyini” söyləməklə kifayətləndi

İsrail Qəzza zolağında yeganə katolik kilsəsi olan Müqəddəs Ailə Kilsəsinə etdiyi hücumdan “xeyli təəssüflənib”. 

Bu barədə iyulun 17-də İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən verilən bəyanatda bildirilib. 

Bəyanatda əlavə olunub ki, hücumla bağlı araşdırma aparılır və İsrail “mülki şəxslərin və müqəddəs yerlərin qorunmasına sadiqdir”. 

Kilsə iyulun 17-i səhər saatlarında tank atəşi ilə vurulub, nəticədə 3 nəfər ölüb və kilsənin keşişi də daxil olmaqla bir neçə nəfər yaralanıb. 

Ağ Ev sözçüsü Karolayn Levit jurnalistlərə bildirib ki, Netanyahu ABŞ Prezidenti Donald Trampa telefon zəngində kilsənin vurulmasının “bir səhv” olduğunu deyib. 

Müqəddəs Ailə Kilsəsi 2023-cü ilin oktyabrından, İsrail Qəzzanı bombalamağa başlayandan bəri zolağın azsaylı xristian əhalisi üçün sığınacağa çevrilib. 

Bundan əvvəl də kilsə İsrailin hücumuna məruz qalıb. 2023-cü ilin dekabrında İsrail ordusunun snayperi kilsəyə sığınan iki qadını öldürüb. 

Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşmasının rəqəmlərinə görə, İsrailin Qəzzaya hücumları nəticəsində indiyə qədər 58,000-dən çox insan öldürülüb. 

Təkcə iyulun 18-ə keçən gün ən az 30 fələstinli ölüb.