Prokuror Rüfət Səfərova 9 il həbs cəzası istəyib

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Azadlıq Radiosu"nun xəbərinə görə, prosesdə çıxış edən dövlət ittihamçısı Vüsal Mehrəliyev təqsirləndirilən şəxsə 9 il həbs cəzası istəyib.

Prokuror iddia edib ki, R.Səfərova qarşı irəli sürülən dələduzluq, xuliqanlıq və qəsdən sağlamlığa zərər vurma kimi ittihamlar məhkəmədə tam təsdiqini tapıb.

Hüquq müdafiəçisi isə prokurorun çıxışını gülüşlə qarşılayıb.

Proses iyunun 5-də vəkillərin müdafiə çıxışları ilə davam edəcək.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də N.İmanquliyev R.Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib.

R.Səfərov ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.