Polis qərarı ilə psixiatrik müayinə: hüquqşünas siyasi sui-istifadə riskindən danışır

Azərbaycanda prokurorların və Daxili İşlər Nazirliyinin araşdırma aparan səlahiyyətli əməkdaşlarının qərarları şəxsin psixiatriya müayinəsinə göndərilməsi üçün əsaslardan biri ola bilər.

Yerli medianın məlumatına görə, bu, “Psixiatriya yardımı haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihə iyunun 17-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliyə əsasən, psixi pozuntusu olduğu ehtimal edilən şəxsə tibbi yardımın gecikdirilməsi onun özü və ya ətrafındakılar üçün təhlükə yaradarsa, həmin şəxs özünün və ya yaxınlarının razılığı olmadan da müayinəyə aparıla bilər. Bu zaman prokurorun və ya DİN-in araşdırma aparan səlahiyyətli əməkdaşının qərarı müayinə üçün əsaslardan biri sayılacaq.

Sosial şəbəkələrdə isə bu dəyişikliklə bağlı narahatlıq yaranıb. İstifadəçilər hesab edirlər ki, norma gələcəkdə siyasi fəallara, hökuməti tənqid edən şəxslərə qarşı sui-istifadə alətinə çevrilə bilər.

Hüquqşünas Yalçın İmanov “Abzas Media”ya deyir ki, “Psixiatriya yardımı haqqında” Qanunda artıq qeyri-könüllü hospitallaşdırma institutu var. Onun sözlərinə görə, qüvvədə olan qanunvericilikdə şəxs yalnız müəyyən əsaslar olduqda, həkim-psixiatr rəyinə və məhkəmə qərarına əsasən psixiatriya müəssisəsinə yerləşdirilə bilər.

 “Qanunda deyilir ki, ağır psixi pozuntusu və ya xəstəliyi olan şəxs cinayət törətməyibsə belə, müəyyən əsaslar olduqda onun iradəsindən asılı olmayaraq, məhkəmənin qərarı əsasında müayinə və müalicə məqsədilə psixiatriya müəssisəsinə yerləşdirilə bilər”, - hüquqşünas bildirib.

Yalçın İmanov izah edir ki, qeyri-könüllü psixiatriya yardımının göstərilməsi üçün əsaslar qanunun 11-ci maddəsində sadalanıb. Bu əsaslara şəxsin bilavasitə özü və ya ətrafdakılar üçün təhlükə yaratması, psixi pozuntu nəticəsində əsas həyati tələbatını müstəqil təmin edə bilməməsi və tibbi yardım göstərilmədiyi halda sağlamlığına qarşısıalınmaz zərər dəyməsi ehtimalı daxildir.

Hüquqşünas deyir ki, təklif olunan dəyişiklik şəxsin razılığı olmadan psixiatriya müəssisəsinə göndərilməsi prosesində prokurorluq və DİN əməkdaşlarının qərarını da ayrıca əsas kimi müəyyənləşdirir. Amma onun sözlərinə görə, məcburi hospitallaşdırma ilə bağlı yekun qərarı yenə də həkim-psixiatrın rəyi əsasında məhkəmə verməlidir.

“Bütün hallarda məcburi hospitallaşdırma ilə bağlı qərar həkim-psixiatrın rəyi əsasında məhkəmə tərəfindən qəbul edilir. Amma bu məsələ şəxsi azadlıq, toxunulmazlıq, pis rəftara məruz qalmamaq və şəxsi həyatın toxunulmazlığı hüquqları baxımından ciddi suallar yarada bilər”, - Yalçın İmanov deyib.

Onun fikrincə, əsas problem qanunvericilikdə “təhlükə” anlayışının və şəxsin psixi pozuntusunun necə müəyyən olunacağına dair meyarların kifayət qədər konkret olmamasıdır.

“Qanunvericilikdə bunun konkret meyarları və əlamətləri göstərilməyib. Sadəcə qeyd olunur ki, psixi pozuntusu olan şəxs bilavasitə özü və ya ətrafdakılar üçün təhlükəli olmalıdır. Bu, qeyri-müəyyən ifadədir. Belə qeyri-müəyyən ifadələr isə Azərbaycan hakimiyyəti tərəfindən sui-istifadə halları üçün əsas yarada bilər”, - hüquqşünas bildirib.

Yalçın İmanov hesab edir ki, bu cür qeyri-müəyyənlik xüsusilə siyasi fəallar və hakimiyyəti tənqid edən şəxslər üçün risklidir:

“İndiyə qədərki təcrübə göstərir ki, belə qeyri-müəyyən ifadələr siyasi fəallar, xüsusən hakimiyyətə tənqidi münasibət göstərən şəxslər barəsində qeyri-könüllü hospitallaşdırma üçün sui-istifadə riski yarada bilər. Əvvəllər də belə hallar olub və bundan sonra baş verməyəcəyinə dair hər hansı təminat yoxdur”.

Azərbaycanda vətəndaşların öz razılığı və ya yaxınlarının icazəsi olmadan psixiatriya xəstəxanalarına yerləşdirilməsi ilə bağlı bundan əvvəl də şikayətlər səslənib. Xüsusilə Naxçıvan Muxtar Respublikasından daxil olan müraciətlərdə bəzi tənqidçi fəalların və müxalif mövqeli şəxslərin heç bir tibbi əsas olmadan psixiatriya müəssisələrinə yerləşdirildiyi iddia olunub. Rəsmi qurumlar isə, bir qayda olaraq, belə iddiaları təsdiqləməyiblər.

Yalçın İmanov buna nümunə kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Ağil Hümbətovun işini xatırladıb. Hüquqşünasın sözlərinə görə, Hümbətov 2020-ci ilin aprelində pandemiya dövründə hökumətin siyasətini tənqid etdikdən sonra məcburi şəkildə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.

“Həmin vaxt mətbuatda bu barədə kifayət qədər məlumat yayılmışdı. Onun razılığı və yaxınlarının razılığı olmadan ona naməlum mənşəli tibbi vasitələr tətbiq edildiyi bildirilirdi”, - İmanov deyib.

Hüquqşünas hesab edir ki, Azərbaycan hakimiyyətinin siyasi azadlıqlara dözümsüz münasibəti nəzərə alınanda bu mexanizmdən tənqidçilərə qarşı istifadə riski real görünür:

“Azərbaycan hökumətinin siyasi azadlıqlara qarşı həddən artıq dözümsüz olduğunu nəzərə alsaq, siyasi tənqidçiləri və rəqibləri psixiatriya müəssisələrinə yerləşdirmək taktikasından istifadə etməsi təəccüb doğurmamalıdır”.

Yalçın İmanov deyir ki, qanunda sui-istifadənin qarşısını almaq üçün əsas mexanizm kimi məhkəmə nəzarəti nəzərdə tutulub. Belə ki, şəxs özü və ya qanuni nümayəndəsi psixiatriya müəssisəsinə yerləşdirilməyə razılıq vermirsə, müayinə və hospitallaşdırma ilə bağlı qərar həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə tərəfindən qəbul edilməlidir.

Amma hüquqşünas hesab edir ki, Azərbaycanda məhkəmələrin müstəqil olmaması bu təminatı effektiv mexanizmə çevirmir.

“Məhkəmə nəzarəti sui-istifadə hallarının qarşısını almaq üçün mühüm mexanizmlərdən biridir. Problem ondadır ki, Azərbaycanda məhkəmə hakimiyyəti də daxil olmaqla hakimiyyət qolları icra hakimiyyətinin təsiri altındadır. Xüsusən tənqidçi və fəal şəxslərlə bağlı qərarlar, demək olar ki, istisnasız olaraq siyasi hakimiyyətin mövqeyinə uyğun qəbul olunur. Buna görə də məhkəmə nəzarəti belə hallarda səmərəli hesab oluna bilməz”, - İmanov bildirib.

Hüquqşünasın sözlərinə görə, şəxsin tibbi müdaxilədən, o cümlədən psixiatrik müalicədən imtina hüququ Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin - şəxsi və ailə həyatına hörmət hüququnun tətbiq dairəsinə düşür. Eyni zamanda, bu cür hallar azadlıq hüququnu nəzərdə tutan 5-ci maddə və pis rəftara məruz qalmamaq hüququnu qoruyan 3-cü maddə baxımından da qiymətləndirilə bilər.

“Şəxsin iradəsi əleyhinə ona tibbi müdaxilənin həyata keçirilməsi onun şəxsi həyatına və fiziki toxunulmazlığına müdaxilə hesab olunur. Avropa Məhkəməsinin bu məsələ ilə bağlı praktikası var. Məhkəmə müəyyən hallarda psixi xəstəliyi olan pasiyentin məcburi müalicəsinə haqq qazandırıla biləcəyini qəbul edir. Amma bu, yalnız şəxsin özünü və ya digər şəxsləri qorumaq məqsədi daşımalı, aydın hüquqi qaydalar əsasında həyata keçirilməli və məhkəmə nəzarəti mümkün olmalıdır”, - Yalçın İmanov deyib.

Onun sözlərinə görə, bu dəyişiklik insan hüquqları standartları ilə yalnız o halda uzlaşa bilər ki, qərarlar aydın meyarlar əsasında qəbul olunsun, həkim rəyləri obyektiv olsun, məhkəmə nəzarəti isə real və səmərəli işləsin.

“Əsas problem budur: məhkəmə nəzarəti nə dərəcədə səmərəlidir və həkim rəyi nə dərəcədə obyektivdir? Əgər məhkəmə fəaliyyəti və həkim müayinəsinin nəticələri insan hüquqları standartlarına cavab vermirsə, bu, ciddi suallar doğurur”, - hüquqşünas vurğulayıb.

Yalçın İmanov əlavə edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşmasına görə, bu cür işlərdə pasiyentin şəxsi ləyaqəti və öz taleyini həll etmək hüququ ilə onun maraqlarının qorunması arasında ədalətli balans gözlənilməlidir. Bunun üçün isə ölkədaxili icraatda real prosessual təminatlar olmalıdır.

“Prosessual təminatlar, o cümlədən məhkəmə nəzarəti, həkim-mütəxəssislərin obyektiv rəyləri və digər mexanizmlər beynəlxalq insan hüquqları standartlarına uyğun işləməlidir. Əks halda, bu cür dəyişikliklər sui-istifadə riskini azaltmır, əksinə artırır”, - hüquqşünas deyib.