Parlamentin Ruhanidən hesabat tələbi… – Böhran İranı çalxalayır

İran parlamenti ölkədə baş verən iqtisadi böhrana görə Prezident Həsən Ruhanidən hesabat tələb edib.

Teleqraf.com xəbər verir ki, prezident bu məqsədlə parlamentə dəvət edilib.

Qeyd edək ki, ABŞ Preizdenti Donald Trampın nüvə müqaviləsindən çıxmasından sonra iqtisadi sanksiyalarla üz-üzə qalan İranda milli valyuta rial dollar qarşısında 130 faiz bahalaşıb.

2017-ci ilin son günlərindən iqtisadi böhran kütləvi aksiyalara yol açıb. İranda ilk dəfə olaraq, prezident buna görə hesabat verəcək. Parlament sədri Əli Laricani və 80 millət vəkilinin qəbul etdiyi qərar artıq Həsən Ruhaniyə çatdırılıb.

Parlamentin Büdcə Komissiyasının üzvü Cahanbəxş Mühibbiniya parlamentə müraciətində İran iqtisadiyyatının çökdüyünü bildirib: “İran iqtisadiyyatı çökür. Xahiş edirəm gözlərinizi açın. Bu məsələləri gündəmə gətirmədiyi üçün Ruhani hökumətindən şikayətçiyik”.

Qəbul edilmiş qərara görə, İran prezidenti 80 millət vəkilinin iqtisadi böhranın səbəbləri ilə bağlı suallarına cavab vermək məcburiyyətində qalıb.

Ruhaninin köməkçisi Hüseyn Əli Əmiri isə parlamentin qərarının qanunvericiliyə zidd olduğunu deyib: “Bundan əvvəl Həsən Ruhani komissiya qarşısında ona ünvanlanmış sualları cavablandırdı və cavablarından razı qaldılar. Lakin bu məsələ yenidən gündəmə gətirildi. Onun suallara cavab verməmək hüququ var və bu, onun məsuliyyətinə daxil deyil”.

Digər yandan isə Həsən Ruhaninin komandasını istefaya çağıranların sayı da artıb. Millət vəkilləri prezidentdən Mərkəzi Bankın rəhbəri Vəliullah Seyfin istefasını tələb ediblər, onun yerinə Əbdünassir Himmətin namizədliyini təklif ediblər.

200 millət vəkili məktub yazaraq, eyni zamanda, Həsən Ruhanidən iqtisadi böhranda məsuliyyət daşıdıqları üçün iqtisadiyyat naziri Məsud Kərbasiyan, sənaye naziri Məhəmməd Şəriətmadəri və məşğulluq naziri Əli Rəbini istefaya göndərməyi tələb edib.

Qeyd edək ki, 3 gündən çoxdur İranın iri şəhərlərində və paytaxt Tehranda hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilir.