Həsən Ruhani: Qonşularımızın sülh və sabitliyi bizim sülh və sabitliyimizlə bağlıdır

Azərbaycana bu mötəbər tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

Hazırda milli suverenliklərə ciddi təhdid olduğunu deyən H.Ruhani bildirib ki, hərbi qütbləşmə, münaqişələr və regional qarşıdurmalar artmaqdadır:

"Bununla beynəlxalq hüquq pozulur və müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edilir. ABŞ ölkələrin daxili işlərinə qarışmaq üçün müxtəlif üsullara əl atır, iqtisadi alətlərdən istifadə edir ki, bu da iqtisadi terrordur. İran radikal qruplara qarşı bir sıra təkliflərlə çıxış edib və bununla bağlı BMT tərəfindən qətnamələr qəbul edilib. Qoşulmama Hərəkatının üzvləri arasında əməkdaşlıq mövcud olmalıdır ki, ölkələrin maraqları təmin edilsin. Qonşularımızın sülh və sabitliyi bizim sülh və sabitliyimizlə bağlıdır. Regional inkişaf birgə əməkdaşlıq nəticəsində mümkündür.

Təhlükəsizliyə təhdidlərin biri kiber təhdidlər və sosial şəbəkələrin çirkin məqsədlərlə istifadə edilməsidir. Bu sahədə bizim təşkilat vahid mövqe nümayiş etdirməlidir və birgə saziş hazırlana bilər ki, kiber hücumların qarşısı alınsın. Biz yeni reallıqları başa düşməliyik və yeni üsullardan istifadə etməliyik. İran əlindən gələni edəcək ki, Qoşulmama Hərəkatı inkişaf etsin".