Bakıda eyni ərazidə yol yenidən çöküb

Nobel prospektində bərpa olunan yol yenidən çöküb.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hadisə ilə bağlı Qafqazinfo-ya açıqlamasında bildirib ki, ərazidə su sızması olduğundan hələ də araşdırma işləri aparılır: «Əvvəl də qeyd etdiyimiz kimi, ərazidə su sızması halının olduğu bildirilir. Bu halda biz hər hansı bir iş görə bilmirik. Səbəb müəyyən olunduqdan sonra biz bərpa işlərinə başlaya bilərik. Əks təqdirdə, su axır və çökmə hadisəsi yenidən baş verir».
 
«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı isə deyib ki, çökmə baş verən ərazidə onların balansında olan hər hansı bir su və kanalizasiya xəttində sızma müşahidə olunmayıb: «Hazırda iki qrupumuz ərazidə işləyir… Mütəxəssislərimiz yoxlayıb və «Azərsu»nun hər hansı bir xəttində sızma yoxdur. Əksinə, qrunt sularının bizim kollektorlara daxil olması ehtimalı var».
 
Həmin yolda dekabrın 24-də də çökmə baş vermişdi.