Müsavatçının apelyasiya şikayətinə baxılıb

Noyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.
 
Müsavatçının vəkili Osman Kazımovun verdiyi məlumata görə, Apelyasiya Məhkəməsi Əbülfəz Sadıqbəyli barəsində Səbail Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. 
 
Apelyasiya şikayətində onun həbsinin əsassız olduğu qeyd edilir və gənc müsavatçının azadlığa buraxılması istənilir.
 
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
 
Əbülfəz Sadıqbəyliyə Cinayət Məcəlləsinin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.
 
O, "Nikoil bank” adından saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə suçlanır. İttihama görə, gənc fəal bankın kreditilə aldığı "Niva" markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.
 
Gənc müsavatçı ittihamı qəbul etmir. Müsavat Partiyası da bəyanat verərək həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib.
 
Onun və yaxınlarının bu fikirlərinə, hələlik, nə bankın təmsilçilərindən, nə də hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olub.
 
Ancaq rəsmilər bütünlükdə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
 
Toplum.tv