Sentyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində "Viza" hüquq firmasının rəhbəri Aslan İsmayılovun 1 il 6 ay islah işlərinə məhkum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılıb.
A.İsmayılov "Xəmsə" şadlıq sarayının sahibi, "Xəmsə-M" şirkətinin rəhbəri Mürvət Həsənlinin iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə təqsirli bilinib. Səbəb isə A.İsmayılovun "Facebook" səhifəsindəki yazılarında iş adamı haqqında "dələduz" ifadəsini işlətməsidir.
Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə keçirilən prosesdə M.Həsənli iştirak etməyib. Lakin A.İsmayılovla yanaşı, o da hökmdən apelyasiya şikayəti verib.
M.Həsənlinin vəkili Sahil Quliyev məhkəmədə bildirib ki, A.İsmayılova verilən islah işləri cəzasıyla razı deyillər: "Aslan İsmayılov sosial şəbəkələrdəki yazılarında, çıxışlarında yenə də Mürvət Həsənlini "dələduz" adlandırır, ağır cinayətdə ittiham edir. Xahiş edirik, islah işləri həbslə əvəz olunsun. Üç il azadlıqdan məhrum edilməsini istəyirik".
A.İsmayılov məhkəmədə M.Həsənlinin özünün iştirakını tələb edib: "Bir daha deyirəm, bu adam dələduzdur".
Həmçinin vəsatət qaldıraraq, məhkəmə prosesinin videoçəkilişinə icazə verilməsini xahiş edib. Bildirib ki, prosesdə saxtakarlıqların qarşısının alınması üçün bu vacibdir.
Meydan Tv-nin xəbərinə görə, hakimlər vəsatəti təmin etməyib.
A.İsmayılov qərara etiraz edərək, məhkəmə zalından çıxıb gedib.
Hakimlər isə prosesi davam etdirib və A.İsmayılovun iştirakı olmadan gəlib hökmün qüvvədə saxlandığını elan ediblər.
A.İsmayılov Səbail Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay islah işləri cəzasına məhkum olunub. Məhkəmə onun M.Həsənliyə böhtan atdığı nəticəsinə gəlib.
A.İsmayılov isə özünü təqsirli bilmir. Deyir ki, M.Həsənlinin dələduzluq əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar aparılıb, M.Həsənli üç gün saxlanılıb. A.İsmayılovun sözlərinə görə, prokurorluqda və BMCMİ-də hüquqlarını müdafiə etdiyi türk iş adamı, "Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Orala 1 milyon 300 min dollar ödəməli olması haqda etirafdan, üzləşmədə həmin vəsaiti ödəyəcəyinə dair vəddən sonra M.Həsənli buraxılıb, onun haqqında cinayət işi başlanmayıb. Lakin pulu ödəməyib.
Aslan İsmayılova 3 il həbs istənilir
Oxşar xəbərlər