''Mənim işim prezidentə məruzə olunacaq" - Aslan İsmayılov

Binəqədi Rayon Məhkəməsində səs-küy salıb, qapını çırpıb xuliqanlıq etməkdə ittiham olunan keçmiş vəkil Aslan İsmayılovun məhkəməsi sentyabrın 3-də davam etdirilib.
 
Hakim Mirheydər Zeynalovun sədrliyilə keçirilən məhkəmədə A.İsmayılov vəsatət qaldıraraq bir daha təkrarlayıb ki, onun işinə Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Çünki cinayət işində bəhs olunan hadisənin Binəqədi Rayon Məhkəməsində baş verdiyi göstərilib. Şahidlər də bu məhkəmənin hakimi, işçiləridir. Bununla belə, A.İsmayılov bu məhkəmədə baxılmasına razı olduğunu bildirib. Amma bir şərtlə ki, prosesin video və audio yazısına icazə verilsin: "Mən də bu halda, prosesdə aktiv iştirak etməyə hazıram. Əgər dediyiniz kimi, məhkəmənin obyektiv keçməsini, ədalətli qərar verilməsini istəyiriksə, bu vacibdir. Bu saxta cinayət işi mənim ictimai fəaliyyətim, Onkologiya Mərkəzində korrupsiyanı ifşa etməyimə görədir. Adamlar görməlidir ki, hüquq-mühafizə orqanlarının rəhbərləri səviyyəsində mənə qarşı hansı cinayətlər törədilib. Bu cinayət işinin az qala, hər vərəqi işin saxta olduğunu göstərir. Onu da bilirsiniz ki, bu iş üzrə qərarı nə siz, nə də məhkəmənin sədri verir. Heç Fikrət Məmmədovluq da deyil. Bu iş prezidentə məruzə olunacaq. Deyəcəklər ki, iki dəfə məhkəməyə verildi, nəticə çıxarmadı”.
 
Dövlət ittihamçısı vəsatətə etiraz edib. Bildirib ki, açıq məhkəmə prosesi keçirilir, vətəndaşlar da gəlib iştirak edir, məhkəmədə olanları görürlər. Ona görə də əlavə videoyazıya ehtiyac yoxdur.
 
Hakim yerində müşavirə edərək, vəsatəti təmin etməyib.
 
A.İsmayılov bildirib ki, onun haqqında cinayət işi başlanmamışdan bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinə rəsmi şəkildə sorğu göndərib, onunla bağlı informasiyanı əldə ediblər. Çünki cinayət işi başlanmasına hazırlıq gedib.
 
Məhkəmədə şahid Zaur Ələkbərov ifadə verib. Bildirib ki, Binəqədi Rayon Məhkəməsində kuryer işləyir. Oktyabrın 2-də məhkəmədə dəhlizdə gedəndə A.İsmayılovun səsini eşidib, otaqda hakim Rəşad Məmmədovun köməkçisi ilə yüksək səslə danışırmış. O, gəlib qapını açıb. A.İsmayılov gedəndə qapını çırpıb, divarın suvağı tökülüb. Sonra da məhkəmənin həyətində qışqırıb, məhkəmənin sədri və hakiminin gəlməsini tələb edib.
 
A.İsmayılov Z.Ələkbərovun yalan danışdığını bildirib. Qeyd edib ki, iş materiallarında olan, hadisə günü çəkilmiş şəkil də şahidin yalan danışdığını sübut edir. Şəkildə qapının yanındakı divarın suvağı yerindədir.
 
Proses sentyabrın 17-də davam edəcək.
 
A.İsmayılov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham olunur.
 
Meydan Tv