Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizi çirkləndirənləri cərimə edir

Xəzər dənizinin çirklənməsində günahkar olanlar cərimə ediləcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Faiq Mütəllimov cümə günü mətbuat konfransında bildirib.

Söhbət əsasən sahil zonasında fəaliyyət göstərən istirahət zonalarının sahiblərindən gedir. Belə ki, Xaçmaz rayonunda "Bulaq", "Panorama" , "Raduqa", "Venesiya" istirahət mərkəzlərinin yaxınlığında çirkləndirmə aktları qeydə alııb.

Monitorinq zamanı dənizə zibil atılması faktı da aşkar edilib. Belə hərəkətlərə görə sözügedən mərkəzlər ümumi olaraq 12500 manat cərimələniblər. F.Mütəllimov vətəndaşları belə faktlar barədə nazirliyə məlumat verməyə çağırıb.

Eyni zamanda nazirliyin saytında Sumqayıtın Xəzər sahili zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suları və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığının aşkar edildiyi bildirilib.

"Araşdırma zamanı "Relaks", "Tural-1", "Gəmi Qaya", "Orxan", "Katamaran", "Şərur" "Kaspian Standart KO" MMC-yə məxsus "Kaspian Breeze" istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və "Dostluq" istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub. Həmin faktlar üzrə protokol tərtib edilib və onlar 3100 manat həcmində cərimələniblər.

Bundan əlavə, atmosferin çirkləndirilməsinin aradan qaldırılması və müasir təmizləyici qurğuların qurulması barədə iaşə obyektləri, şadlıq evləri və restoran sahiblərinə verilən müddət bitib. Bu göstərişlərə əməl etməyən "Oskar", "Oazis", "Millenium", "Sonalar Sonası", "Xan qızı", "Dan ulduzu" v. şadlıq evlərinə sanksiya tətbiq ediləcək.

contact.az