"Dənizdə boğulmaların çox olmasının səbəbi sualtı təbəqələrdə formalaşan axıntılardır".
Bunu Toplum Tv-yə Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov bu il dənizdə boğulma hallarına münasibət bildirərkən deyib.
Bu il yay mövsümü başlayandan dənizdə boğulanların sayı artıb. Ötən həftə Kürdəxanıda 4 nəfər, Xəzər və Abşeron rayonlarındakı qeyri-çimərlik ərazilərdə 2 nəfər batıb. Ondan əvvəlki həftə Novxanı çimərliyində 1 nəfər, Bilgəh çimərliyində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb. Bundan başqa, 4 nəfər də boğulma təhlükəsi ilə üzləşib, xilasedicilər onları son anda xilas edə bilib. Neftçalada Həsənabad qəsəbəsində 3 nəfər dənizdə boğulub.
İyulun 21-də isə 1 nəfər batıb. Bakının Sabunçu rayonu ərazisindəki dənizdə isə bir nəfər qeyri-çimərlikdə üzərkən boğulub. Həmin gün Buzovna qəsəbəsindəki "Zağulba” çimərliyindədə 1 nəfər ehtiyatsızlıq ucbatından boğulub. Eləcə də Astara rayonunda bir nəfər qeyri-çimərlik sahəsində, dənizdə çimərkən boğulub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib ki, dəniz mövsümü başlayandan 45 gün ərzində 35 nəfər suda boğularaq həyatını itirib. Boğulma hadisələri əsasən Bakı şəhəri ərazisində yerləşən çimərliklərdə qeydə alınıb.
Ekoloq Telman Zeynalov boğulma hallarının sayının artmasını Xəzər Dənizinin sualtı təbəqəsi ilə əlaqəli olduğunu iddia edir: "Sualtı təbəqədə çuxurlar var. Bu kimi çuxurlara Xəzər Dənizində də rast gəlinir. Su axdıqca buruqlara düşür və orada fırlanmağa başlayır".
Bu il dənizdə istirahət edənlərin bir çoxu güclü axınların olduğunu müşahidə etdiklərini deyirlər.
Onların sözlərinə görə, suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır.
Telman Zeynalov isə axıntılara düşən şəxslərə qətiyyən təlaşlanmamağı bildirdi: "Əksər hallarda axıntıya düşən insan özünü itirir. Bu kimi hallarda özünü itirmək lazım deyil. Aşağıya getdin, bir az sonra başqa ərazidə suyun üzərinə çıxırsan. Azərbaycanda bütün çimərliklərdə axıntılara rast gəlmək mümkündür".
45 gündə 35 nəfər suda boğulub
Oxşar xəbərlər