Azərbaycanda 120 eks-deputat pensiyaya çıxıb

Azərbaycanda 1995-ci ildən sonra Milli Məclisdə fəaliyyət göstərmiş təxminən 120 keçmiş deputat eks-deputat pensiyası alır.

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra- 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Digərlərinin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı olmayıblar. 

1995-ci ildən bu yana isə təxminən 120 eks-deputat pensiya almaq hüququna malikdir.
 

“Əmək pensiyaları haqqında” qanunda göstərilib ki, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:

 

-  Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla).

- Əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə “Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

Qeyd edilib ki, pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir.

“Çünki onlara deputat olan zaman verilən əlavələr sığorta stajına yazılır. Pensiya hüquqna malik olan zaman isə həmin əlavələr pensiyaya əlavə edilir”.

Hazırda Milli Məclisin sıravi deputatı  1732 manat maaş alır.