“Avropa Birliyi Azərbaycan hakimiyyətinə təzyiqi gücləndirməlidir”

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı Avropa Birliyini Azərbaycanda siyasi məhbus probleminin həlli üçün İlham Əliyev hakimiyyətinə təzyiqləri gücləndirməyə çağırır.

HRW təmsilçisi Katerin Pilişvili təşkilatın rəsmi saytında yazır ki, Azərbaycan iqtidarı may ayında imzalanan əfv sərəncamı ilə bağlı qabaqcadan böyük vədlər verib, amma vədinə əməl etməyib. Siyasi məhbusların mütləq əksəriyyəti həbsdə saxlanılıb.

“Azərbaycanda böyük ümid bəslənən əfv fərmanı gözləntiləri doğrultmadı. Prezident İlham Əliyevmayın 24-də imzaladığı fərmanla 634 məhkumu əfv etdi, ancaq onlardan yalnız 12-si yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər idi.

Azərbaycan rəsmiləri bu gözlənən fərmandan aylarla istifadə edərək insan haqlarıyla bağlı tənqidləri önləməyə çalışıblar, böyük sonuclar vəd olunub. Ancaq bu baş vermədi, hələ də qanunsuz həbs olunmuş fəallar dəmir barmaqlıqlar arasındadır. Avropa Birliyi onların buraxılması üçün əlavə təzyiq göstərməlidir. AB hazırda Azərbaycanla danışıqlar mövzusu olan daha sıx siyasi və iqtisadi tərəfdaşlığı onların azadlığına bağlamalıdır. Bu, Avropa Parlamentinin Xarici İşlər Komitəsinin son qərarına da uyğun olar. Komitə AB-ni siyasi məhbusların və vicdan məhbuslarının azadlığa buraxılması üçün vacib addımlar atmağa çağırırdı. Bundan başqa, Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətinə xatırladırdı ki, AB-nin fundamental dəyərlərinə və hüquqlarına sayqı göstərməyən ölkəylə hərtərəfli razılaşma ratifikasiya olunmayacaq.

Bu fəallar Əliyevin əfv fərmanıyla azadlığa buraxılacaqlarını gözləyirdilər. Onlar fəallıqlarına görə cəzalandırılıb və azadlıqları əllərindən alınıb. İndi AB birmənalı mövqe sərgiləməli, onların azadlığa buraxılması, Azərbaycanın tənqidçilərə təzyiqləri bitirməsi üçün israr etməlidir”, – deyə Katerin Pilişvili yazır.

HRW təmsilçisi diqqəti əfv sərəncamına bloqqer Mehman Hüseynov, jurnalist Əfqan Muxtarlı, siyasətçi İlqar Məmmədov, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədov kimi siyasi məhbusların adlarının salınmadığına çəkib.

azadliq.info