Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslər yeni siyahısında 322 nəfərin adı yer alıb

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbus hesab etdiyi şəxslərin yenilənmiş siyahısını açıqlayıb. Təşkilatın oktyabrın 5-də yaydığı siyahıda 322 nəfərin adı yer alıb.

Siyahıda yer alan məhbuslar 12 qrup üzrə qruplaşdırılıb. 

Siyahıya görə, həbsdə olan inanclı fəallar 178, siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri 46, jurnalist və blogerlər 31, "İmişli işi" üzrə məhkumlar 12, "Gəncə işi" üzrə məhkumlar 13, ömürlük həbsdə olanlar 12, "Tərtər işi" məhkumları 8, hüquq müdafiəçiləri 7, Avropadan deportasiya olunub həbs edilənlər 6, etnik azlıq fəalları 6, sülh fəalları 2, "Söyüdlü işi" məhkumları 2 nəfərdir.

İttifaqın məlumatına görə, mayın 13-də açıqlanmış əvvəlki siyahıdan sonra 28 nəfərin həbs müddəti başa çatıb və onlar azadlığa buraxılıblar. Onların arasında vətəndaş cəmiyyəti nümayəndələri Zamin Salayev, Elvin Mustafayev və Ayxan İsrafilov, satirik şair İbrahim Xudayi, eləcə də 19 dindarın olduğu bildirilir.

Təşkilat eyni dövrdə müxalifət, vətəndaş cəmiyyəti və milli azlıqların nümayəndələri, eləcə də dindarlar arasında yeni həbslərin və məhkumetmələrin siyahıya əlavə edildiyini qeyd edib.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov hazırlayıblar.

Müəlliflər bildirirlər ki, şəxslərin siyasi məhbus kimi qiymətləndirilməsi zamanı Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus anlayışı üçün müəyyən etdiyi meyarlara əsaslanıblar.