Azərbaycanda söz azadlığı 25 ildir hakimiyyətin əsarətindədir

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycanda söz və mətbuat azadlığının boğulması ilə bağlı növbəti bəyanatını yayıb. Bəyanatda deyilir:

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu mətbuatın azadlığını məhv etdiyinə görə Azərbaycan hakimiyyətini qınayır və dünya ictimaiyyətini İlham Əliyev rejimini qınamağa və müvafiq təzyiq göstərməyə çağırır.

Bu gün, mayın 3-də, dünya ictimaiyyətinin BMT-nin himayəsi ilə Ümumdünya mətbuat azadlığı gününün 25 illik yubeliyini qeyd etdiyi əlamətdar tarixdə Azərbaycan xalqı artıq 25 ildir aciz şəkildə şəxsiyyətə pərəstişin zülmü və Əliyevlər ailəsinin hakim rejiminin təbliğatı altında yaşamağa məcburdur.

Bu gün ənənəvi mətbuat və sosial şəbəkələr vasitəsilə ədalət uğrunda mübarizə aparan və korrupsiyalaşmış məmurlara qarşı dayanan, hakimiyyəti nəzarət altında saxlamağa çalışan bütün müstəqil və müxalifət jurnalistləri, blogerlər və şairlər özbaşınalıq və siyasi təqiblə üzləşirlər.

Bu gün Azərbaycan həbsxanalarında ifadə azadlığını müdafiə edərkən öz azadlıqlarını qurban verən 14 məhbus var, deyə RATİ-nin icarıçı direktoru Emin Hüseynov bildirib.

Onlarla jurnalist siyasi əsaslı cinayət işlərində şübhəli və şahid kimi keçir, beynəlxalq təzyiq altında həbsdən azad edilən bəzi jurnalist və hüquq müdafiəçiləri ölkədən buraxılmır, bütün bunlar qorxu mühitini saxlamaq üçün repressiv dövlət aparatı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir.

Mətbuat azadlığına hücumlara görə məsuliyyət bilavasitə qohumbazlıq və kleptokratiyanın bariz mücəssəməsi olan, ölkədə fərqli fikri boğmaq üçün dövlət repressiv aparatından istifadə edən dövlət başçısı İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevanın üzərinə düşür.

İlham Əliyevin hakimiyyəti atası Heydər Əliyevdən alaraq öz şəxsi maraqlarına uyğun olaraq konstitusiyanı dəyişməsi, iki prezidentlik müddəti limitini ləğv etməsi, həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin etməsi, həmçinin saxta seçkilər vasitəsilə dördüncü dəfə hakimiyyəti qəsb etməsi onu göstərir ki, ölkənin siyasi rəhbərliyi ölkədə mətbuat azadlığının inkişafı üçün bütün daxili və xarici zəminləri məqsədyönlü şəkildə məhv etməyə davam edəcək, deyə Hüseynov fikrini yekunlaşdırıb.

RATİ BMT-nin baş katibi Antoniu Quterrişin Ümumdünya mətbuat azadlığı gününə həsr edilmiş və təşkilata üzv olan dövlətlərin hökumətlərini mətbuat azadlığı uğrunda mübarizəyə və jurnalistlərin müdafiəsinə səslədiyi çağırışını alqışlayır.

RATİ təəssüf edir ki, Azərbaycan hökuməti dünya demokratik ictimaiyyətinin belə çağırışlarına məhəl qoymur və sanki əksinə olaraq açıq şəkildə ölkədə söz azadlığını tənzimləyən qanunvericiliyin sərtləşdiriləcəyini göstərir.

Azərbaycan hakimiyyətinin ölkədə mətbuat azadlığının pozulmasına görə məsuliyyətini nəzərə alaraq RATİ BMT-nin baş katibi Antoniu Quterrişi və YUNESKO direktoru Odre Azuleni

Zimbabvenin eks-prezidenti Robert Muqabe ilə olduğu kimi YUNESKO-nun xoşməramlı səfiri titulunu birinci ledi və birinci vitse-prezident kimi ölkənin de-fakto və de-yuri ikinci şəxsi olan və ədalətsiz olaraq bu titula sahib olan Mehriban Əliyevadan geri almağa çağırır.

RATİ hesab edir ki, ərzaq təhlükəsizliyi proqramı çərçivəsində şübhəli şəraitdə BMT-nin xoşməramlı səfiri statusunu əldə edən prezindentin qızı Leyla Əliyeva da analoji statusdan məhrum edilməlidir.

Ölkədə mətbuat azadlığının hər hansı bir inkişafı üçün bütün zəminlərin tamamilə məhv edildiyini nəzərə alaraq RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanda müstəqil səslərə dəstək verməyə və müstəqil KİV-in, vətəndaş cəmiyyətinin digər institutlarının dayanıqlı və uzunmüddətli dəstək mexanizmlərinin təşəkkül tapmasına yardım etməyə çağırır.

RATİ Azərbaycanın iri ticarət tərəfdaşı olan Avropa İttifaqını Azərbaycanda söz azadlığına dəstək verməyə, 2014-cü ildə dayandırılan və Azərbaycan rəhbərliyi ilə Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair yeni müqavilə ilə bağlı danışıqların aparılmasına baxmayaraq bu günə qədər bərpa edilməyən ifadə azadlığına dəstək proqramlarını bərpa etməyə çağırır.

RATİ ABŞ və Avropa İttifaqını söz azadlığının boğulması istiqamətində fəaliyyətlərinə və ölkədə insan haqlarının pozulmasına əsas səbəb olan korrupsiyaya son qoymayana qədər Azərbaycanın hakim elitasının yüksək rütbəli nümayəndələrinə və onların ailə üzvlərinə qarşı sanksiya mexanizmindən istifadə etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini tənqidçilərinin siyasi və cinayət təqibinə son qoymağa, həmçinin dərhal və qeyd-şərtsiz olaraq jurnalistlər Əfqan Muxtarlı, Mehman Hüseynov, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Ziya Əsədli, Elçin İsmayıllı, Ərşad İbrahimovu, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçı Saday Şəkərlini, şair Tofiq Həsənovu, qraffiti-fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu, həmçinin xaricdə yaşayan tanınmış azərbaycanlı blogerlər Orduxan Bəbirov və Türkel Əlisoyla qohumluq əlaqələrinə görə həbs edilən girovlar Emin Saqiyev və Tural Əliyevi azad etməyə çağırır.

RATİ həmçinin müstəqil KİV-in saytlarını bloklamaq təcrübəsindən imtina etməyə, kütləvi etiraz aksiyaları zamanı interneti söndürməyi dayandırmağa, onlayn senzuranın mümkün tətbiqi planlarından imtina etməyə, informasiya və internetə hər yerdə azad çıxışı təmin etməyə, hakimiyyətin hesabatlılığını və şəffaflığını artıran qanunvericiliyi liberallaşdırmağa və mətbuata bütün güc və bürokratik təzyiq üsullarına son qoymağa çağırır.

RATİ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoymağı, o cümlədən hakimiyyət tərəfindən ölümü intihar kimi qələmə verilən bloger Mehman Qələndərovun həbsdə dünyasını dəyişməsi səbəblərini təkrar və effektiv araşdırmağı, həmçinin jurnalistlər Elmar Hüseynov, Alim Kazımlı, Novruzəli Məmmədov, Rafiq Tağı və Rasim Əliyevin ölümündə günahkar olanların tapılıb cəzalandırılmasını tələb edir.

azadliq.info