Polisin maneəsinə baxmayaraq, AXC-nin 100 illiyi münasibətilə nümayiş keçirilib - Video

Polisin yaratdığı bütün maneələrə və məhdudiyyətlərə baxmayaraq, bu gün minlərlə gənc Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş nümayişdə iştirak edib.

Facebook-da bununla bağlı xüsusi olaraq yaradılmış "Cümhuriyyət" səhifəsi iştirakçıları mayın 28-də saat 12.00-da əllərində çiçəklə Bakının mərkəzində AXC abidəsinin önünə gəlməyə çağırıb.

Amma polis yüz metrələrlə uzaqdan (metronun "İçərişəhər" stansiyasının yaxınlığında) aksiya itirakçılarının yolunu bağlayıb və insanları abidənin yanına 2-2, 3-3 buraxıb.

Çiçək qoyduqdan sonra aksiya iştirakçıları toplaşaraq paytaxtın mərkəzində yürüş ediblər.

Yolda şəhər sakinləri də onlara qoşulub və nümayişçilərin sayı bir neçə minə çatıb.

Nümayişçilər "Azərbaycan", "Respublika", "Biz Rəsulzadənin nəvələriyik" şüarları səsləndiriblər.

Dənizkənarı bulvara yeraltı keçidin yanında polis nümayişçilərin yolunu kəsib, onlar Nizami adına Muzeyə tərəf qayıdıblar və aksiyanın başa çatdığını elan edərək, dağılmağa başlayıblar.

Amma gənclərdən ibarət qruplar dövlət bayraqları ilə şüarlar səsləndirərək küçələrdə gəzməyə davam edir. Hələlik asayişin pozulması və polislə qarşıdurma haqqında məlumat daxil olmayıb. 

Turan