“QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

“QHT işi” üzrə təqsirləndirilən Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib. Məhkəmə onun cəzasının 3 il sınaq müddəti ilə şərti hesab olunmasına qərar verib.

Hökm iyulun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmədə əvvəlcə dövlət ittihamçısı çıxış edərək Nərgiz Muxtarovaya qarşı Cinayət Məcəlləsinin 313-cü maddəsi - vəzifə saxtakarlığı üzrə ittihama xitam verilməsini istəyib. Prokuror bunu həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatması ilə əsaslandırıb.

Dövlət ittihamçısı həmçinin Muxtarovanın himayəsində azyaşlı uşağının olmasını, ali təhsilli olmasını və indiyədək məhkumluğunun olmamasını yüngülləşdirici hal kimi nəzərə almağı xahiş edib.

Prokuror sadalanan halları əsas gətirərək Nərgiz Muxtarovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, lakin cəzanın 4 il sınaq müddəti ilə şərti hesab olunmasını təklif edib.

Məhkəmə isə Nərgiz Muxtarovanı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib və cəzanın 3 il sınaq müddəti ilə şərti hesab olunmasına qərar verib.

Hökmdən öncə məhkəmədə son sözünü deyən Muxtarova ümumiyyətlə, heç bir ittiham üzrə özünü təqsirli bilmədiyini vurğulayıb:

"İstintaq materiallarında mənim şəxsən verdiyim sənədlərdən başqa əlavə sənəd yoxdur. Sözügedən sənədlər isə Beynəlxalq Bankdan hesabımla bağlı çıxarışlardır. Yəni, mən Dövlət Vergi Xidmətində qeydiyyata alındığım hesabımdan çıxarışı təqdim etmişəm. Həmin bank dövlət bankıdır. Əgər o pul cinayət yolu ilə əldə edilmiş əmlakdırsa, bunun həm mənbəyi bəlli olmalı deyil, həm də gizlətmə olmalıdır. Mən aşkar formada ABB-dən çıxarışları və pulun mənbəyinə dair məlumatı istintaqa təqdim etmişəm. Pulun mənbəyi də ABŞ Dövlət Departamentidir. Departamentin hansı cinayəti törətdiyi heç kəsə bəlli deyil. Ona görə əminəm ki, hüquqi təhsili olan və olmayan hər kəs bilir ki, bu işdə cinayət tərkibi yoxdur. Reallığı da hamımız anlayırıq, ona görə də bu gün mənə bəraət qərarı çıxmayacağını bilirəm".

İttihama görə, Nərgiz Muxtarova vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müxtəlif layihələrlə bağlı sənədləri saxtalaşdırıb. İddia olunur ki, o, “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl və digərləri ilə cinayət əlaqəsinə girərək ABŞ-də yerləşən müxtəlif fondlardan ümumilikdə 150 min manatdan çox vəsaiti əldə edib və leqallaşdırıb.

Nərgiz Muxtarovaya Cinayət Məcəlləsinin 193-1.3.2-ci - cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və 313-cü - vəzifə saxtakarlığı maddələri ilə yekun ittiham elan edilmişdi.

Onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi.

“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdədir.

Bu iş üzrə həbs edilənlərdən biri - Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov iyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən sosial işçi Zamin Zəki isə martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. İyulun 1-də Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb.

İş üzrə təqsirləndirilən digər şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, cinayət işinin əsassız və siyasi motivli olduğunu bildirirlər.