Ümid edirəm ki, Vens Əliyevlə görüşündə Azərbaycanda insan hüquqları və azadlıqlarının hazırkı durumunu da müzakirə edəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ABŞ vitse-prezidenti Ceyms Vensin fevralda Azərbaycana rəsmi səfər edəcəyi xəbərinə münasibət bildirib.
Partiya sədrinin sosial media hesabında dərc olunan müraciətdə o, Vensin səfərini "çox mühüm hadisə" kimi qiymətləndirib.
"Şübhəsiz ki, bu səfər bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə öz töhfəsini verəcək, digər tərəfdən TRIPP marşrutunun reallaşmasını sürətləndirəcək. Eyni zamanda, Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması gözlənilir ki, bu da mənim təqdir etdiyim məsələdir. Bizim partiya proqramımızda da nəzərdə tutulub ki, Azərbaycanla ABŞ nəinki strateji tərəfdaş, hətta müttəfiq olsunlar", - o qeyd edib.
Bununla belə, Ə.Kərimli Vensin səfərinin Azərbaycanda "repressiyaların zirvəyə çatdığı" dövrə təsadüf etməsinə təəssüfləndiyini vurğulayıb.
"340 nəfərədək ictimai-siyasi fəal siyasi mövqeyinə görə həbs edilib, rejim ölkədə azad mətbuatın, vətəndaş cəmiyyətinin və müxalifətin məhv edilməsinə çalışır. Ona görə də, belə bir vaxta düşən səfər zamanı çox ümid edirəm ki, Vens İlham Əliyevlə görüşündə Azərbaycanda insan hüquqları və azadlıqlarının hazırkı durumunu, demokratik institutların vəziyyətini və ümumiyyətlə, ölkədə demokratik açılım mövzularını da müzakirə edəcək", - o əlavə edib.
Yanvarın 24-də ABŞ prezidenti Donald Tramp vitse-prezident Ceyms Vensin fevralda Azərbaycan və Ermənistana rəsmi səfər edəcəyini xəbər verib.
Onun sözlərinə görə, səfər zamanı hər iki ölkə ilə strateji sənədlər imzalanacaq.