Hakimiyyətin qarşı-qarşıya qoyduğu üç məktəb: Milli, Dini və Demokratik institutlar - I hissə

 

Bu gün xüsusi təqdimata ehtiyacı olmayan ağır vəziyyət müxtəlif cəbhələrin baxış bucaqlarında birinin digərinə qarşı apardığı mübahisələrin gəlib çatdığı nəticədir. Aydın konturlarla görünür ki, hər kəs hiss etmədən bu oyunda ya vasitəçiyə, ya da tərəfə çevrilib və nəticədə eyni təsirlərə məruz qalmaq qaçılmaz olub.

Məsələyə bir qədər geniş prizmadan baxdıqda, hər kəsin bu prosesdə istər-istəməz, hiss etmədən öz baramasını toxuyaraq sonda torda boğulan ipəkqurduna bənzər bir mənzərənin ortaya çıxdığı görünür.

Ölkəmiz demokratik dəyərləri hüquqi baza kimi əsas götürən və bu vasitə ilə Azərbaycanı dünyada tanıdan bir idarəçilik sisteminə malikdir. Yəni mövcud qanunvericilik ölkəni demokratik dövlət modeli kimi təqdim edir. Konstitusiyadan başlayaraq digər qanunların tənzimlənməsinədək bütün ali hüquqi sənədlərdə demokratik dəyərlər rəhbər tutulur.

Əlbəttə, demokratiyanın yalnız sənəd üzərində qalan, praktikada işləməyən maddələr toplusu kimi mövcudluğu onu bu xalqın əsas idarəçilik bazası kimi göstərsə də, reallıq bundan xeyli uzaqdır. Bununla belə, rəsmi baxımdan Azərbaycanın dünyada demokratik dəyərləri əsas götürən ölkələr sırasında yer alması qəbul edilən bir faktdır.

Azərbaycanda din dövlətdən ayrı olsa da, xalqın mənəvi əsaslarından biri inancdır. Ölkəmiz əsas etibarilə inanclı və İslam dininin yaşadığı və yaşatdığı dəyərlərə malikdir. Bu faktın olduqca geniş və sübut olunmuş xüsusiyyətləri mövcuddur ki, onların hamısını burada sadalamaq yersiz olardı.

Eyni zamanda milli dəyərlər də bu xalqın mühüm və fərqləndirici xüsusiyyətlərindəndir. Əsrlərin süzgəcindən keçərək formalaşan milli məfkurə xalqın həm birləşdirici, həm də qoruyucu xüsusiyyəti kimi unikal xarakter daşıyır. Bu dəyərlər Azərbaycan xalqını formalaşdıran əsas amillərdən biri olmaqla onu digər millət və xalqlardan fərqləndirir.

Bu üç xüsusiyyət — milli, dini və demokratik dəyərlər — ölkəmiz haqqında çox şey söyləməklə yanaşı, onun inkişafının əsası və mühüm stimullaşdırıcı amili kimi qiymətləndirilir.

Təsadüfi deyil ki, Azərbaycan dünyanın bir çox beynəlxalq təşkilatına üzv olaraq demokratik dəyərlərin qorunması, inkişafı və gələcəyinə töhfə vermək öhdəliyini üzərinə götürüb. Hakimiyyətin öz baxışında demokratiyanın hansı məna və formaya malik olduğu isə son illərdə baş verən çoxsaylı hadisələr fonunda hər kəs üçün kifayət qədər aydındır.

Seçki saxtakarlığı, təkpartiyalı idarəçilik modeli, rüşvət və korrupsiya, azad medianın sıradan çıxarılması, azad fikrin və söz azadlığının kəsilməsi, inanclıların həbsi, müxalifətin zəiflədilməsi və bu qəbildən olan yüzlərlə fakt açıq şəkildə göstərir ki, mövcud hakimiyyət üçün demokratiya ilk növbədə sadəcə bir addır. Onun real və işlək sistem kimi ölkədə mövcudluğu isə rejim üçün qəbuledilməzdir.

I hissənin sonu