Azərbaycandan Ermənistana neft məhsullarının ixracı başlayıb

Dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracı başlayıb.
APA-nın xəbərinə görə, yerli neft məhsullarının ilk partiyasının tədarükü SOCAR tərəfindən Gürcüstan üzərindən həyata keçirilir.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağının Azərbaycan Dəmir Yollarına məxsus yük qatarı ilə Böyük Kəsik stansiyası istiqamətində yola salındığı bildirilir.
Xəbəri Ermənistan baş naziri Nikol Paşinyan da dekabrın 18-də keçirdiyi brifinqdə təsdiqləyib. O, bunu alqışladığını qeyd edib.
“Ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin məhz Ermənistan Respublikası ilə Azərbaycan arasında bərqərar olunmuş sülh bunun üçün siyasi şərait yaradıb”, - o vurğulayıb.
Neft məhsullarının ixracı noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən baş tutub.
Neft məhsullarının Ermənistana ixracının sırf kommersiya xarakterli olduğu, beynəlxalq bazar qiymətlərinə uyğun satılacağı bildirilir.