Özgür Bursalı: “Bakıda keçiriləcək konfransa qarşı çıxmalıyıq”

Türkiyənin Vətən Partiyasının baş katibi Özgür Bursalı, noyabrın 3–6-da Bakıda keçirilməsi planlaşdırılan Avropa Ravvinlər Konfransına münasibət bildirərək, Azərbaycan hökumətinə və Türkiyə ictimaiyyətinə çağırış edib.

“Azərbaycanın paytaxtı Bakıda 700 ravvin toplanacaq. Bu, türk və müsəlman ölkəsində ilk dəfə keçirilən belə bir toplantıdır. Gündəmdə İbrahim Anlaşmaları və sionizmə qarşı fəaliyyətlərin qarşısını almaqla bağlı məsələlər olacaq. Bu, açıq şəkildə sionist fəaliyyətin bir parçasıdır.”

 

“Türkiyə və Azərbaycan bu tədbirə ev sahibliyi edə bilməz”

Bursalı bildirib ki, Azərbaycan kimi “dost və qardaş ölkə”nin belə bir tədbirə ev sahibliyi etməsi qəbuledilməzdir:

“Can Azərbaycanımız bu fəaliyyətə ev sahibliyi edə bilməz. Əgər bir millət, iki dövlətiksə, bu məsuliyyət hər birimizin üzərindədir. Türkiyə hökuməti, siyasi partiyalar, ictimai təşkilatlar və Asiya ilə Fələstindən yana olan bütün qüvvələr bu konfransa qarşı mövqe bildirməlidir.”

Onun sözlərinə görə, Bakıda keçiriləcək konfrans “İsrailin bölgədə özünü legitimləşdirmə cəhdi” kimi dəyərləndirilməlidir.

“Tədbirin əsas mövzusu İbrahim Razılaşmalarıdır - yəni İsrailin ərəb dövlətləri ilə münasibətlərini normallaşdıran layihə. Bu, Fələstin xalqının mənafeyinə ziddir,” - deyə Bursalı qeyd edib.

 

“Tarix bu anları unutmur”

Vətən Partiyasının baş katibi həmçinin bəyan edib ki, bu məsələdə susmaq, sionist siyasətə dolayısı ilə dəstək vermək anlamına gələcək:

“Tarix, bu cür anlarda kimin hansı mövqe tutduğunu yazır. Biz Fələstində İsrailə qarşıyıqsa, Azərbaycanda da eyni prinsipial mövqe sərgiləməliyik. Bu konfrans ya ləğv edilməli, ya da ən azı açıq etirazla qarşılanmalıdır.”

 

Bakıda keçiriləcək konfrans nəyi hədəfləyir?

Avropa Hahamlar Konfransının (CER) noyabrın əvvəlində Bakıda keçirilməsi planlaşdırılır. Tədbirə ABŞ, İsrail və Avropadan 600–700 araı ravvin və dini liderin qatılması gözlənilir. Rəsmi açıqlamalara görə, konfransın gündəmi İbrahim Razılaşmalarının rolu, dinlərarası dialoq və Avropada antisemitizmə qarşı mübarizə olacaq.

Lakin Türkiyədə və bəzi müsəlman ölkələrində bu konfrans, Qəzza müharibəsi fonunda “İsrailin siyasi legitimlik qazanmaq cəhdi” kimi tənqid olunur.