Sarkoziyə beş il həbs kəsildi – Qəddafinin pulları ilə bağlı iş üzrə

Parisdə məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozini 5 il həbs cəzasına məhkum edib. O, 2005-2007-ci illərdə Liviya rejiminin onun seçki kampaniyasını maliyyələşdirməsi işində cinayətkar sövdələşmədə təqsirli bilinib. O zaman Liviyaya Müəmmar Qəddafi rəhbərlik edirdi.

Keçmiş prezident bu iş üzrə digər epizodlarla bağlı bəraət alıb – dövlət vəsaitlərinin mənimsənilməsi, passiv korrupsiya və seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması ittihamları üzrə. Prokurorluq ona 7 il həbs cəzası istəmişdi.

70 yaşlı Sarkozi ittihamları rədd edir. 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozi 2011-ci ildə Liviyaya hərbi müdaxiləni fəal dəstəkləyib. Bu müdaxilə nəticəsində Qəddafi devrilib və öldürülüb.

Sarkozi ilk dəfə deyil məhkəmədə mühakimə olunur. 2021-ci ilin martında o, korrupsiya və nüfuz alverində təqsirli bilinib, 1 il həbs və 2 il şərti cəza alıb. Sonradan bu cəza elektron qolbaq və qismən ev dustaqlığı ilə əvəzlənib.

Elə həmin ilin payızında o, 2012-ci il kampaniyasının qanunsuz maliyyələşdirilməsinə görə bir daha məhkum olunub. Əvvəlcə ona 1 il həbs cəzası kəsilib. Sonra bu cəza 6 aya salınıb, elektron qolbaqla əvəz olunub.