“Interpol” tərəfindən axtarışda olan İsrail vətəndaşı Gürcüstanın Batumi hava limanında tutulub

"Tinder dələduzu" kimi tanınan İsrail vətəndaşı Simon Levyev Gürcüstanın Batumi hava limanında saxlanılıb. 

Onun vəkili İsrailin "Walla" nəşrinə bildirib ki, həbsin səbəbləri hələlik məlum deyil.

“Bu səhər onunla danışdım, saxlanıldıqdan sonra əlaqə saxladıq, amma səbəbi hələ başa düşmürük. O, indiyədək sərbəst şəkildə dünyanın müxtəlif yerlərinə səyahət edib”, – vəkil deyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi "OC Media"-ya bildirib ki, Levyev barəsində sərhəddə yoxlanış zamanı "Interpol" tərəfindən axtarış bildirişi olduğu aşkarlanıb və o, buna görə saxlanılıb.

Levyev 2022-ci ildə "Netflix" platformasında yayımlanan “Tinder Dələduzu" sənədli filmindən sonra məşhurlaşıb. Filmdə onun həyata keçirdiyi müxtəlif fırıldaqlar təsvir olunub.

Levyevin uzun illər davam edən cinayət fəaliyyəti ərzində müxtəlif şəxsləri və bankları "piramida sxemi" yolu ilə aldadaraq təxminən 1 milyard ABŞ dolları ələ keçirdiyi güman olunur. 

O, həmçinin, "Tinder" tanışlıq tətbiqində qadınları aldatmaq üçün özünü məşhur almaz maqnatı Lev Levyevin qohumu kimi təqdim edib. 

Sənədli filmin yayımlanmasının ardından Levyev "CNN"-ə verdiyi açıqlamada ittihamları rədd etmiş və sadəcə “bəzi qızlarla tanış olmaq istədiyini” bildirmişdi.

Levyev 2019-cu ildə Yunanıstanda həbs olunub və daha sonra İsrailə ekstradisiya edilib. Orada o, dələduzluq, saxtakarlıq və oğurluq ittihamları ilə təqsirləndirilərək 15 ay həbs cəzasına məhkum olunub. Lakin COVID-19 pandemiyasına görə o, yalnız beş ay həbsdə qalıb.